Bu kriptovalyuta Trampın adını daşıyacaq | Banco.az

Bu kriptovalyuta Trampın adını daşıyacaq

Müəllif:Mehin Qasımova,Banco.az

"Trump Media and Technology Group" (TMTG) ABŞ Prezidenti Donald Trampın adını daşıyan yeni kriptovalyuta buraxacağını açıqlayıb.

Banco.az xəbər verir ki, şirkətin mətbuat xidmətinin məlumatına görə, yeni rəqəmsal aktiv dövlət başçısının adını daşıyacaq.

Bildirilib ki, şirkətin azı bir səhminə sahib olan şəxslər token əldə etmək hüququ qazanacaqlar. Şirkət həmçinin il ərzində qeydiyyatdan keçmiş səhmdarlar üçün müxtəlif mükafat proqramları təqdim etməyi planlaşdırır. Bu mükafatlara TMTG məhsullarına güzəştlər və endirimlər, eləcə də eksklüziv tədbirlərə çıxış imkanları daxil ola bilər.

Kriptovalyutanın buraxılış mexanizmi, paylanması və tokenlərin köçürülməsi ilə bağlı əlavə məlumatların daha sonra açıqlanacağı bildirilib.

TMTG açıqlamasında qeyd edib ki, səhmdarlara təqdim ediləcək rəqəmsal tokenlər hər hansı digər qurumda pay sahibi olmaq hüququ verməyəcək. Həmçinin token sahibləri başqalarının idarəetmə fəaliyyəti nəticəsində əldə edilən mənfəətə iddia edə bilməyəcəklər.

ABŞ Prezidentinin andiçmə mərasimi ərəfəsində təqdim edilən tokeninin qiyməti Rusiya Prezidenti Vladimir Putinlə uzunmüddətli telefon danışığı xəbərləri fonunda kəskin artıb. Tokenin ilkin qiyməti təxminən 7 dollar olub, gün ərzində isə 34,5 dollara qədər yüksəlib. Daha sonra qiymətdə kəskin korreksiya qeydə alınıb.

Nəticədə, tokenin dəyəri qısa müddət ərzində təxminən 98 faiz azalıb. Məlumata görə, satışa çıxarıldığı ilk gün ərzində ABŞ Prezidenti Donald Trampın sərvəti 5 milyard dollardan çox artıb. Tramp ailəsinin yeni kriptovalyutası birjada ticarətə başladıqdan sonra onların xalis sərvəti Trampın bütün daşınmaz əmlak aktivlərinin dəyərini də ötüb. Günlük gəlirlərin isə Trampın biznes fəaliyyəti nəticəsində ömür boyu əldə etdiyi qazancı üstələdiyi bildirilir.