Bu il SKMF xətti ilə sahibkarlara 50 mln. manata yaxın kredit verilib | Banco.az

Bu il SKMF xətti ilə sahibkarlara 50 mln. manata yaxın kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, SKMF bu sahədə növbəti işgüzar forumunu – Quba rayonunun Timiryazev qəsəbəsində keçirib. İşgüzar forum çərçivəsində Quba rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, müasir meyvə-tərəvəz emalı, qablaşdırma materialı istehsalı və meyvəqurutma müəssisələrinin, otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

SKMF-nın icraçı direktoru Şirzad Abdullayev məlumat verib ki, bu il ərzində 653 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 50 mln. manata yaxın güzəştli kredit yönəldilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır. Ümumilikdə isə indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2380 investisiya layihəsinin maliyyələşdirilməsinə 186,2 mln. manat güzəştli kredit verilib.

Ən sərfəli kredit üçün müraciət et

İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 37 sahibkara 1 mln. manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq və bağçılıq təsərrüfatlarının, istixana kompleksinin genişləndirilməsinə, tikinti materiallarının istehsalına və s. sahələrə yönəldiləcək və 70-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Qeyd edək ki, SKMF tərəfindən son illər 31 çörək istehsalı müəssisəsinin maliyyələşdirilməsinə 55 mln. manat güzəştli kredit verilib. Artıq 29 müəssisə istifadəyə verilib. Bundan əlavə, SKMF tərəfindən 51 logistik mərkəzin yaradılmasına 163 mln. manat və 38 intensiv bağçılıq, tingçilik və üzümçülük təsərrüfatlarının yaradılmasına 56,6 mln. manat güzəştli kredit verilib. Logistik mərkəzlər əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, ixracın artmasında əhəmiyyətli rol oynayır və regionlarda yeni intensiv meyvə bağlarının salınmasını stimullaşdırır.