Broker şirkətinin fəaliyyəti qanunsuz elan olundu | Banco.az

Broker şirkətinin fəaliyyəti qanunsuz elan olundu

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində Böyük Britaniyada qeydiyyatdan keçmiş “Fortrade” LTD şirkətinin ticari xidmətlərindən və əməliyyat platformalarından istifadə edən bir qrup şəxs tərəfindən Lider Forex adı altında Azərbaycan Respublikası ərazisində broker lisenziyasına malik olmadan beynəlxalq bazarlarda ticarət olunan qiymətli kağızlar və törəmə maliyyə alətlərinin satışı ilə bağlı vasitəçilik xidmətlərinin təklif edildiyi müəyyən olunmuşdur.

Mövcud qanunvericiliyə əsasən, vasitəçilik xidmətləri lisenziyalaşdırılan fəaliyyət növüdür və Lider Forex tərəfindən kütləvi informasiya vasitələrində təklif olunan xidmətlər broker fəaliyyətinin əlamətlərini daşıyır. Qeyd olunanları nəzərə alaraq, QKDK açıq mənbələrdən əldə etdiyi rekvizitlər vasitəsilə Lider Forex-ə adıçəkilən xidmətlərin dayandırılması barədə göstəriş vermişdir.

Ən sərfəli kredit üçün müraciət et

İlkin araşdırmalar nəticəsində məlum olmuşdur ki, Lider Forex adı altında şirkət bir sıra xarici dövlətlərdə qanunsuz fəaliyyətlə məşğul olmuş və müvafiq dövlətlərin nəzarət orqanları tərəfindən tədbirlər görülərək fəaliyyətləri qadağan edilmişdir.

QKDK, investorları maliyyə xidmətlərindən istifadə edərkən legitim əsaslarla fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq etməyə dəvət edir.

İctimaiyyətin nəzərinə çatdırırıq ki, qiymətli kağızlar bazarında vasitəçilik xidmətləri göstərən broker şirkətlərinin siyahısı QKDK-nın internet səhifəsində (http://www.scs.gov.az/lisenziyalashdirma/broker_fealiyyeti) dərc olunmuşdur.