Britaniya alimləri bədbəxtliyin “ədəbi” indeksi ilə analoji iqtisadi göstərici arasında müqayisə aparmışlar | Banco.az

Britaniya alimləri bədbəxtliyin “ədəbi” indeksi ilə analoji iqtisadi göstərici arasında müqayisə aparmışlar

Müqayisə zamanı alimlər göstəricilər arasında güclü korrelyasiya əlaqəsinin olduğunu aşkar etmişlər.

Bristol və London şəhərlərinin alimləri ingilis və alman dillərində olan milyonlarlarla kitabın rəqəmsal surətini təhlil etmişlər. Alimlər təəccüb, qəzəb, qorxu, nifrət, sevinc və kədər hisslərini ifadə edən sözlərin işlənmə tezliyini müəyyən etməklə bədbəxtliyin “ədəbi” indeksini hesablamağa nail olmuşlar. Nəticədə, bədbəxtliyin “ədəbi” indeksi “kədər” və “sevinc” ifadə edən sözlər arasındakı kəmiyyət fərqi əsasında müəyyən edilmiş göstərici hesab olunmuşdur.

Alimlər müəyyən etmişlər ki, “ədəbi” göstəricidəki dəyişiklik 10 il gecikmə ilə bədbəxtliyin “iqtisadi” göstəricisi ilə üst-üstə düşmüşdür. Məsələn, Böyük tənəzzül dövründə iqtisadi göstəricinin azalması (1935-ci ildə azalma səviyyəsi maksimum həddə çatmışdır) 40-cı illərdə “ədəbi” indeksdə kəskin azalmanın müşahidə olunmasına səbəb oldu. Bristol universitetinin professoru Bentli belə bir fərziyyə irəli sürmüşdür ki, müvəqqəti ləngimə informasiyanın yadda saxlanılması xüsusiyyətləri ilə izah oluna bilər. Belə ki, uşaqlıqda daha çox neqativ halları yadda saxlayan şəxs müəllif kimi fəaliyyətə başladıqda öz əsərlərində daha çox depressiv halların təsvirinə üstünlük verir.

Ən sərfəli kredit üçün müraciət et

Alimlər ABŞ və Böyük Britaniya üzrə bədbəxtliyin “ədəbi” indeksi ilə analoji iqtisadi göstəricini müqayisə etmişlər. Bu göstərici amerikalı iqtisadçı Artur Ouken tərəfindən işlənib hazırlanmışdır. Bədbəxtliyin iqtisadi göstəricisi inflasiya və işsizlik səviyyəsi ilə müəyyən edilir. İnflasiyanın və işsizlik səviyyəsinin yüksək olması ölkə iqtisadiyyatın inkişafına mənfi təsir göstərən əsas amillərdən biri hesab olunur. ABŞ-da bu göstəricinin maksimum səviyyəsi 1980-ci ildə (21.98%), minimum səviyyəsi isə 1953-cü ildə (2.97%) qeydə alınmışdır.

Banco.az / Sevinc İbadova