Müəllif: Tamara Mustafayeva, Banco.az
Birləşmiş Millətlər Təşkilatı (BMT) qlobal iqtisadi artımın bu il dəyişməyərək 2,8 faiz səviyyəsində qalacağını bildirib.
Banco.az xəbər verir ki, BMT 2025-ci il üzrə Dünya İqtisadi Vəziyyəti və Proqnozlar (WESP) hesabatını açıqlayıb.
Hesabatda qeyd olunur ki, qlobal iqtisadi artımın bu il 2024-cü illə müqayisədə dəyişməyərək 2,8 faiz səviyyəsində qalacağı, 2026-cı ildə isə 2,9 faiz olacağı proqnozlaşdırılır.
Hesabatda qlobal iqtisadiyyatın bir sıra şoklara qarşı dayanıqlıq göstərdiyi vurğulansa da, zəif investisiya, durğun məhsuldarlıq artımı və yüksək borc səviyyələri ilə məhdudlaşdırıldığı, həmçinin pandemiyadan əvvəlki 3,2 faiz olan orta səviyyədən aşağı qaldığı qeyd olunur.
Aşağı inflyasiya və bir çox iqtisadiyyatda davam edən monetar ekspansiyanın bu il qlobal iqtisadi fəaliyyətə mülayim bir dəstək verə biləcəyi vurğulanır. Digər tərəfdən, geosiyasi münaqişələr, artan ticarət gərginlikləri və dünyanın bir çox yerində borclanma xərclərinin artması ilə bağlı risklər səbəbindən qeyri-müəyyənliyin hələ də yüksək olduğu diqqətə çatdırılır.
ABŞ-da 2024-cü ildə 2,8 faiz olduğu təxmin edilən iqtisadi artımın əmək bazarının yumşalması və istehlakçı xərclərinin azalması səbəbindən bu il 1,9 faizə enəcəyi gözlənilir. Avropa İttifaqında (Aİ) isə ötən ilki 0,9 faiz səviyyəsindən 2025-ci ildə 1,3 faizə yüksələcəyi proqnozlaşdırılır.
Hesabata görə, bu il Çində 4,8 faiz, Hindistanda 6,6 faiz, Fransada 0,8 faiz, Almaniyada 0,3 faiz və Birləşmiş Krallıqda 1,2 faiz iqtisadi artımın olacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!