“Bəzi rəhbərlər az maaş qarşılığında işçidən maksimum nəticə gözləyirlər” – Ahmed Kandemir | Banco.az

“Bəzi rəhbərlər az maaş qarşılığında işçidən maksimum nəticə gözləyirlər” – Ahmed Kandemir

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Bəzi rəhbərlər işçilərlə münasibətində yeyib-içib, birlikdə gülməyi yaxşı idarəetmə üsulu hesab edirlər. Mən bu yanaşmanın əleyhinəyəm. Müdirlə işçi arasında işdən başqa bir səmimiyyət olmamalıdır”.

Bu fikirləri Banco.az-a açıqlamasında Türkiyədə 20 ildən çox bankçılıq və pərakəndə satış sektorunda fəaliyyət göstərən tanınmış təlimçi ekspert Ahmet Kandemir deyib. O hesab edir ki, iş yerlərində rəhbər və idarəçilər işçilərlə balansı qorumalıdırlar:

“Peşəkar idarəetmə də elm olduğu üçün ağıl və reallığa əsasən rasional məlumatlar, analitik rəqəmlərlə aparılır.Müdirlər işçilərinə “biz bir ailəyik, bir yerdə çörək kəsib, çiyin-çiyinə çalışırıq” deyirsə bu idarəetmədə yanlış hərəkət sayılır. Müəyyən əmək haqqı müqabilində işçinin 9 saatını müdirlər kirayə götürürlər. Təbii ki, bu müddət ərzində maksimum nəticə gözləməyə çalışmalıdırlar.

Əgər müdir axşam işdən sonra işçilərlə çay içib səmimi mühit yaradarsa işçidə ona yaxın olmaq fikirlərini aşılaya bilər.Bu da gələcəkdə müdirlə işçi arasında ən böyük münaqişələrdən birinə səbəbdir.

Ən sərfəli kredit üçün müraciət et

İşçiləri motivasiya etmək lazımdır, amma psixoloqluq səviyyəsində deyil. İşçinin vəzifəsi odur ki, işləyib maaşını alsın. Menecer tələblərini irəli sürməli, nöqsanları göstərib, rəyini verməlidir. Amma təəssüf ki, Azərbaycanda iş mühitində sadaladıqlarımın çoxu öz əksini tapmır”.

İş yerlərində daha az əmək haqqı, amma əvəzində bir neçə işi bir şəxsə yükləmək məsələsinə toxunan ekspert düşünür ki,  bəzən qənaət dedikdə rəhbərlər çıxış yolu kimi işçinin maaşının azaldılmasını düzgün bilirlər:

“Bəzi rəhbərlər çox az maaş qarşılığında maksimum nəticə gözləyirlər. Bazar iqtisadiyyatında hər bir rəhbər verdiyi əmək haqqının nə qədər aşağı olduğunu bildiyi təqdirdə yenə də işçiyə bir neçə nəfərin işini yükləməklə kifayətlənməyib işə qarşı can yandırmağı tələb edirlər. Rəhbər düşünür ki, işçi kreativ olmalıdır, yeni ideyalar verməlidir. Bir müddət əvvəl elanların birində müdir vəzifəsinə işçi axtardıqlarını gördüm. 2000 manat müqabilində o qədər işçidən tələb istəmişdilər ki, açığı gülməyim gəldi. Bu elanı verən adamlar düşünmür ki, şirkətin hər işini görən adama 2000 manat verəndə o həmin vəzifəyə qarşı məhsuliyyətli olmayacaq. İşçinin gərək ehtiyaclarının qarşılanacağı qədər əməjk haqqı verəsən ki, o da görəcəyi işi layiqincə yerinə yetirsin. İşçi düşünməməlidir ki, axşam metro ilə evə gedəndə kartında pul qalıb yoxsa yox. Bunlar vacib meyarlardır. Müdirlər, rəhbərlər yaxşı iş nəticəsi görmək istəyirlərsə tələb etdikləri işin müqabilində maaş verməyi bacarmalıdırlar”.