Bankların xərclədiyi pullar hədərə gedib | Banco.az

Bankların xərclədiyi pullar hədərə gedib

Bankların öz vəsaiti hesabına aldığı pos-terminallar istifadəsiz qalıb.

Azərbaycanda bankomat və POS-terminalların sayında azalma qeydə alınıb.

Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki, bu il iyun ayında bankomatların sayı 2 min 703 ədəd idisə, növbəti ayda bu rəqəm 2 min 685 olub. Halbuki yanvar ayından iyul ayınadək quraşdırılmış bankomatların sayı daim artıb. Bu artımın həcmi 3 faizdən çox olub.


2015-ci il yanvar-iyul aylarında quraşdırılan bankomatların sayı

Eyni tendensiya POS-terminalların sayında da müşahidə edilib. Belə ki, iyun ayında 78 min 264 POS-terminal quraşdırılmışdısa, iyul ayında onların sayı 305 ədəd azalaraq 77 min 959-a enib. Baxmayaraq ki, ilin əvvəlindən növbəti 5 ay ərzində 3 min 740 POS-terminal quraşdırılmışdı ki, bu da təxminən 5 faiz artım deməkdir.


2015-ci ilin ilk 7 ayında quraşdırılan POS-terminalların sayı

Bank sahəsi üzrə mütəxəssis Cavid Kərimov açıqlamasında bildirib ki,“Eurovision” və birinci Avropa Oyunları ərəfəsində bankomatların və POS-terminalların şəbəkəsi kommersiya banklar tərəfindən genişləndirildi. “Lakin bu tədbirlərdən sonra bazarda tələbin azalması nəticəsində bankomat və POS-terminal şəbəkəsinə əvvəlki səviyyədə ehtiyac duyulmadı”, - deyən mütəxəssis bu ehtiyacı bazarın özünün tənzimlədiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Cavid Kərimovun sözlərinə görə, bankomat və POS-terminalların sayının azalmasına daha bir səbəb bir neçə bankın bağlanması və bəzilərinin də bağlanmaq ərəfəsində olmasıdır. “Həmin müəssisələr içərisində böyük şəbəkəsi olan bankların da mövcudluğu bu statistikanın azalmasına öz təsirini göstərib”, - deyə mütəxəssis əlavə edib.


Cavid Kərimov - bank sahəsi üzrə mütəxəssis

Bank sahəsi üzrə mütəxəssis qeyd edib ki, ölkədə nağdsız ödənişləri artırmaq üçün banklar müəyyən tədbirlər görsə də effektiv nəticə əldə olunmur. "Azərbaycanda Mərkəzi Bank yerli kommersiya bankları ilə birlikdə nağdsız ödənişlərin artırılması üçün müəyyən addımlar atır. Bu haqda xüsusi proqram da var. Amma bizim regiona xas olan xüsusiyyətdir ki, bu həcm Qərb ölkələrinin səviyyəsinə çatmayıb. Məsələn, qonşu Rusiyada da POS-terminalların sayında artım olsa da, nağdsız ödənişlərin həcmi 30-35 faizdən artıq deyil", - deyən Cavid Kərimov insanların özlərinin də nağdsız ödənişlərə maraq göstərmələrinin vacib olduğunu bildirib.

Buradan belə nəticə əldə olunur ki, ölkədə nağdsız ödənişlərin genişləndirilməsi ləngiyə bilər. Bu isə Azərbaycanda nağdız ödəniş infrastrukturunun inkişaf etmək əvəzinə daha da zəifləməsinə gətirib çıxaracaq. Bundan başqa, POS-terminalların azalması xüsusilə Bakıda ticarət müəssisələrinin azalmasının, bağlanmasının göstəricisidir.

Digər tərəfdən, nəzərə alsaq ki, pos-terminallar bankların əmlakıdır, bu cihazların müəyyən səbəblərdən istifadə edilməməsi isə bankların hazırda onsuz da yaxşı olmayan vəziyyətini daha da pisləşdirir. Çünki banklar qiyməti 300-400 manat olan POS-terminalları öz vəsaiti hesabına alır. Bu cihazların istifadə olunmaması isə bankları öz pos-terminal şəbəkəsini genişləndirməkdən çəkindirir.