İşsizlik günümüzün ən böyük problemlərindən biridir. Universitetləri bitirən yüzlərlə, hətta minlərlə gənc iş axtarışlarına başlayır. Müxtəlif sektorlara istiqamətlənən gənclərin əksəriyyəti isə banklarda özlərinə uyğun iş tapmağa çalışırlar.
Bankların ən son vakansiyalarını öyrənmək üçün buraya daxil olun - http://banco.az/az/jobs
Azərbaycanda bankçılıq sisteminin sürətli inkişafı, yeni-yeni kredit təşkilatlarının açılması və bank filiallarının sayının artması ixtisaslı kadr çatışmazlığı və eyni zamanda bank işinin gətirdiyi nüfuz gənclərin bank sektoruna yönəlməsinə səbəb olur.
Bankçılıq həm maddi imkanlar, həmdə etibarlılıq baxımından vacib bir sektor halına gəlib. Bank işçisi olmaq daima pullarla münasibətdə olmaq deməkdir. Bir çox insan sırf buna görə bank işçilərinin yüksək gəlirli olduğunu düşünür, lakin belə deyil. Sözsüz ki, hər işdə olduğu kimi bank sektorunda da karyera perspektivləri vardır. Bunun üçün isə qarşıya qoyulmuş məqsəd, səbr və ən əsası işini sevmək lazımdır.
Bəs bank işçisi olmaq üçün nələr lazımdır?
Bankda işləmək asan deyil. Lakin işə qəbul olmaq ondan çətindir. Bank sektorunda işləmək üçün ilk əvvəl ali təhsil önəmlidir. Bu müraciət etdiyiniz vəzifədən asılı olaraq iqtisadiyyat, mühasibatlıq, riyaziyyat və ya biznes idarəçiliyi ola bilər. Müvafiq sahədə iş təcrübəsi, dil, kompüter bilikləri və bir sıra mənəvi keyfiyyətlərin olması sizin bank rəhbərləri tərəfindən seçilməyinizə səbəb ola bilər.
- Bankda hər hansı bir vəzifə üçün namizədliyinizi bildirməyin ən rahat yolu CV göndərməkdir. Bacardığınız qədər CV-ni yaxşı hazırlamağa çalışın. Ola bilər ki, sizin müvafiq sahədə heç bir iş təcrübəniz olmasın. Çəkinməyə ehtiyac yoxdur, bunu CV-də qeyd edin. Mütləq sizi başqalarından fərqləndirə bir xüsusiyyətiniz rəhbərliyin diqqətini çəkəcəkdir. Onlar sizi öz banklarına bir müddət təcrübəçi kimi qəbul edə bilərlər.
- Banka müraciət etdiniz və sizi imtahana çağırdılar. Bu bankda işləmək üçün atılan ilk və vacib addımlardan biridir. Hər bank imtahan götürərkən müxtəlif cür hazırlaşır. Amma əsas məqsəd eynidir. Müraciət edən şəxsin biliyini yoxlamaq. Adətən imtahan test üsulu ilə aparılır. İmtahanlarda məntiq, riyaziyyat yönümlü suallara üstünlük təşkil etsə də, iqtisadiyyat, dünya görüşü və müraciət etdiyiniz bank ilə bağlı suallara da yer verilir. Əgər siz imtahandan müvəffəqiyyətlə keçmisinizsə, deməli ikinci mərhələ başlayır. Bu mərhələ müsahibə mərhələsidir.
- Müsahibə mərhələsi sizin canlı ünsiyyət qura biləcəyiniz bir mərhələdir. Bank nümayəndələri sizi qəbul edir və sizi tanımağa çalışır. Müsahibə sizin işgüzar tərzinizi və nailiyyətlərinizi nümayiş etdirmək üçün gözəl imkandır. Müsahibə zamanı sərbəst olun və suallara səmimi cavablar verin. Əgər sual aydın deyilsə, sadəcə sualın təkrar olunmasını xahiş edin. Cavab verməyə tələsməyin, fikrinizi tam çatdırmaq üçün lazımi vaxtdan faydalanaraq, iş təcrübənizdən çoxlu nümunələr göstərin. Müraciət etdiyiniz bank haqqında əvvəlcə yetəri qədər məlumat toplayın. Çünki, ola bilsin ki bu barədə suallara tuş gələsiniz. Peşəkar vəzifəyə qəbul edilmək üçün vacib hissələrdən biri müsahibənin uğurla keçilməsidir.
- Müsahibə mərhələsini uğurla keçdikdən sonra, təhlükəsizlik xidmətləri tərəfindən yoxlanış mərhələsi başlanır. Çünki bir işçinin bilik və bacarığından əlavə onun reputasiyası rəhbərliyi maraqlandırır. Əməkdaşının dürüstlüyü hər kəs üçün vacibdir.
- Bütün bu mərhələləri keçdikdən sonra, bank sizi öz işçisi kimi qəbul edəcəkdir. Ola bilər ki, bir müddət sınaq dövrü keçəsiniz. Sınaq müddətini də müvəffəqiyyətlə başa vurduqdan sonra əmək müqaviləsi əsasında işə qəbul olacaqsınız.
Bundan sonrası isə sizdən asılıdır. Çünki, gözəl bir karyera üçün sadəcə və sadəcə əzmlə çalışmaq lazımdır.
Necə deyərlər, işləməyən dişləməz :)
Günel Abduraxmanova / Banco.az