Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Son 5 ildə Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri 2 dəfə artaraq 2023-cü ilin III rübünün sonuna 682 milyon manata çatıb.
Məlumata görə, 2023-cü ilin sentyabr ayının sonuna müştərilərə verilmiş kreditlər yarım milyard manatı keçib. Bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Bu illər ərzində BOKT-ların vergi ödənişi artaraq 9 ay ərzindən 10,7 milyon manat təşkil edib.
Göründüyü kimi, 2023-cü ildə BOKT-ların kredit portfeli həm biznes, həm də istehlak kreditləri hesabına genişlənib. "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva mediyaya açıqlamasında bildirib ki, hazırda respublikada 54 BOKT fəaliyyət göstərir. BOKT-lar-ın fəaliyyəti barədə danışan Jalə Hacıyeva qeyd edib ki, BOKT-lar kredit risklərini öz hesabına qarşılayırlar və onlar müflis olduğu halda səhmdarlar və investorlar bu riski paylaşırlar.
Həmçinin oxu:Azərbaycanda fəaliyyət göstərən BOKT-lar
Son vaxtlar müxtəlif səbəblərdən banklardan kredit almaqda problemlə üzləşənlər BOKT-lara üz tuturlar. BOKT-ların əmək haqqı müqabilində təklif etdiyi məbləğlər əsasən 500-30 000 manat arasında dəyişir.
Bu barədə Banco.az-a açıqlama verən Bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov bildirib ki, BOKT-lardan kredit götürən vətəndaşlar bilməlidir ki, qaydalar banklarda olduğu kimi eynidir:
“Vətəndaş götürdüyü krediti geri qaytara bilmədikdə əgər əmlakını borc qarşısında girov qoyubsa həmin təşkilat məhkəmə yolu ilə borcunu tələb edə bilər. Amma vətəndaş əmlakını girov qoymayıbsa bu zaman bankda olduğu kimi burdada heç nə verməli deyil.
Ümumiyyətlə, əksər hallarda vətəndaşlar onlara lazım olmadığı halda belə kredit götürməyə cəhdlər edirlər. Bu da onların uzunmüddətli faizlərlə əlavə borclanmasına səbəb olur”.
Hazırda fəaliyyət göstərən BOKT-lərdən aktivlərinin həcmi 10 mln. manatdan yüksək olan cəmi 18 kredit təşkilatı mövcuddur. Bu təşkilatların cəmi aktivləri BOKT sektorunun 81%-i (500 mln. manat) təşkil edir. Sektor üzrə verilən kreditlərin 60%-i Bakı şəhəri üzrədir.
Qeyd edək ki, Azərbaycanda ödəniş və elektron pul təşkilatları onların xidmətlərindən istifadə edən şəxslərə kredit verə biləcək.
Qərara əsasən, ödəniş təşkilatları krediti bir ödəniş əməliyyatı üzrə 50 manatdan çox olmamaqla yalnız milli valyutada 2 aydan çox olmayan müddətə verə bilər.
Bu barədə detallara toxunan Əkrəm Həsənov deyib ki, yeni qanun vətəndaşlar üçün üstünlük vəd edir:
“Hansısa ödəniş sistemindən istifadə edən vətəndaş təcili ödənişlər zamanı pulu çatmadıqda həmin sistemdən kiçik miqdarda borc ala biləcək. Bu günə qədər krediti banklar və BOKT-lar versə də, bundan sonra haqqında danışdığımız təşkilatların da kredit vermək səlahiyyəti olacaq.Mexanizm yenidir, bir müddət sonra bu barədə daha geniş mülahizələr etmək olar”.
Bizi sosial şəbəkələrdən izləyin!!