Süni intellekt çiplərinin Rusiyaya və Çinə ixracı dayandırıla bilər | Banco.az

Süni intellekt çiplərinin Rusiyaya və Çinə ixracı dayandırıla bilər

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Konqresində bir qrup senator Rusiyaya və Çinə qabaqcıl süni intellekt çiplərinin ixracının tam qadağan edilməsini nəzərdə tutan yeni qanun layihəsi təqdim edib.

Banco.az xəbər verir ki, “Financial Times”ın məlumatına görə, təşəbbüs respublikaçı senator Pit Riketts və demokrat senator Kris Kunz tərəfindən dəstəklənir. Sənəd ABŞ-ın süni intellekt yarışında liderliyini qorumağı hədəfləyir və rəqib ölkələrin yüksək hesablama gücünə malik çiplərə çıxışını məhdudlaşdırmağı vacib sayır.

Təklif edilən “2025-ci il TƏHLÜKƏSİZ Aktı” Ticarət Nazirliyindən ən azı 30 ay müddətinə Rusiya, Çin, İran, Şimali Koreya, eləcə də Honq-Konq və Makaoya qabaqcıl çiplərin ixrac lisenziyalarının verilməsindən imtina etməyi tələb edir. Senatorların fikrincə, bu ölkələr ABŞ-ın texnoloji üstünlüyü üçün əsas təhlükə yaradır.

Bundan əvvəl Çin hakimiyyəti yeni məlumat mərkəzləri üçün süni intellekt tətbiqlərində istifadə olunan xarici çiplərin alınmasına məhdudiyyət qoymuşdu. Bu addım Nvidia, AMD və Intel kimi Amerika istehsalçılarının Çində gəlir imkanlarını ciddi şəkildə məhdudlaşdıracağı ilə qiymətləndirilir.

Qeyd edək ki, ABŞ son illər yüksək texnoloji məhsulların ixracına nəzarəti sərtləşdirir və süni intellekt sahəsində geosiyasi rəqabət daha da kəskinləşir.