Banklardakı əmanətlərin 4,5 milyard manatı təhlükə altındadır | Banco.az

Banklardakı əmanətlərin 4,5 milyard manatı təhlükə altındadır

Əmanətlərin Sığortalanması Fondu banklara qoyulan 6,6 milyard əmanətin yalnız 32 faizinin qorunmasına təminat verir 

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankla razılaşdırmaqla qorunan əmanətlərin yuxarı həddini 10 faizdən 9 faizə endirib. Qərar mayın 19-da qəbul edilib və dərhal da qüvvəyə minib. Beləliklə, son 2 ildə qorunan əmanətlərin yuxarı həddi 3 faiz azalaraq 12 faizdən 9 faizə düşüb. Ancaq bu qərarın nə hüquqi, nə də iqtisadi əsası var. Əvvəla, qorunan əmanətlər üzrə eyni faiz dərəcəsi (9 faiz) tətbiq edildiyindən əmanətçilərin bank seçməkdə marağı olmur. 

Başqa tərəfdən isə belə bir addımın atılması banklar arasında rəqabət mühitini pozur ki, bu da haqsız rəqabət, təbii inhisarlarla bağlı qanunlara ziddir. İqtisadi baxımdan qorunan əmanətlərin 9 faizə endirilməsi “Əmanətlərin sığortalanması haqqında” Qanunun tələblərinə zidd olmaqla bərabər, əmanətlərin qorunmasının əhatə dairəsini daraldır. 

Məsələnin başqa bir tərəfi fondun qapalı fəaliyyətidir. Əmanətlərin Sığortalanması Fondu 2013-cü ilin sonunda və 2014-ci ilin I rübündə əmanətlərin qorunması haqqında məlumat verməyib. Fond sonuncu dəfə 2013-cü ilin III rübünün nəticələrini elan edib. Həmin nəticələrə görə,  fond ümumi əmanətlərin yalnız 32,6 faizinə təminat verir. Ancaq fondun missiyası əmanətlərin qorunmasının kütləviliyini təmin etməkdir. Beynəlxalq təcrübədə ümumi əmanətlərin ən azı 80 faizinin qorunmasına dövlət təminatı verilir. Belə çıxır ki, banklardakı əmanətlərin üçdə ikisi qorunmur. 

Mərkəzi Bankın mayın 1-nə olan məlumatına görə, banklarda  əmanətlərin həcmi 6,6 milyard manata çatıb. Belə çıxır ki, banklarda olan 6,6 milyard manat əmanətin 4,5 milyard manatı qorunmur. Sadə dillə desək, banklar müflis olsa, 4,5 milyard manatlıq əmanət batacaq. Əmanətlərin Sığortalanması Fondu da məhz bu təhlükəni önləmək üçün yaradılıb. Əmanətlərin sığortalanmasında əsas məqsəd əmanətlərin qorunmasının kütləviliyini təmin etməkdir.  Kompensasiya olunan əmanətlərin belə az olmasının əsas səbəbi əmanət bazarının öyrənilməməsi və əmanətçilərlə işin düzgün qurulmamasıdır. 

Qorunan əmanətlər üzrə faiz dərəcəsinin azaldılması və ya artırılması ilə bankların verdiyi kreditlərin faiz dərəcələrinin nəzəri baxımdan ciddi əlaqəsi yoxdur. Başqa tərəfdən, Azərbaycanda bankların əmanətlərdən asılılığı elə də yüksək deyil ki, kreditlərin dərəcələrinə təsir etsin. Fond öz fəaliyyətində daha çox görüntü və şou xarakterli işlərə üstünlük verir. Məsələn, fondun internet ünvanında beynəlxalq və regional təşkilatlarla əməkdaşlığa geniş yer verilir. Əməkdaşlıq beynəlxalq təcrübənin müsbət cəhətlərindən istifadə etmək və paylaşmaq üçün istifadə edilir. Azərbaycanda isə fond 7 ildən artıqdır ki, beynəlxalq standartlara uyğun illik hesabat təqdim edə bilmir, əmanət bazarı öyrənilmir, əmanətçilərlə iş aparılmır və s. 

Ən sərfəli kredit üçün müraciət et

Əmanətlərin qorunması mexanizminin tam başa düşülməməsi fondun strategiyasından da aydın hiss olunur. Buna görə də fondun internet ünvanında göstərilən strategiyanı nöqtəsinə və vergülünə əl vurmadan olduğu kimi təqdim edirik. “Fondun missiyası - Əmanətçilərin  üzv banklarda olan əmanətlərini sığortalamaqla  əmanətçilərə dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır”.

Göründüyü kimi, fond  əmanətçilərə dəyə biləcək maddi ziyanla bərabər mənəvi ziyanı da kompensasiya etdiyini bildirir. Dünyanın heç bir ölkəsində əmanətçiyə dəyən mənəvi ziyan kompensasiya edilmir. Maddi ziyan isə tam və ya qismən ödənilir. “Royalbank”da əmanətlərin 71 faizi batdı. Ancaq sözügedən fond onlara nəinki mənəvi ziyana görə təzminat ödədi, heç maddi ziyanı belə qarşılamadı. Eyni zamanda mənəvi ziyanın kompensasiya edilməsinin qaydaları və prinsipləri də yoxdur. Başqa bir yanlışlıq isə fondun iqtisadi inkişafa dəstək olması fikridir. Funksiyalarına görə fond yalnız maliyyə və bank sisteminin sabitliyinə xidmət edə bilər.   

Nəhayət,  fondun strategiyasında “Risklərin idarə edilməsi sistemini beynəlxalq qabaqcıl xarici praktikaya uyğun qurmaq” fikri səsləndirilir. Ancaq fond kredit verən təşkilat deyil ki, riski olsun. Bundan başqa, yığılan vəsaitlər qanuna görə yüksək reytinqli aktivlərdə yerləşdirilir ki, burda da risk axtarmaq yersizdir. Ümumiyyətlə, əmanətlərin sığortalanması sistemində Azərbaycan kimi rüblük təqvim haqqı toplayan ölkələrin heç birində risklə bağlı yanaşma yoxdur. Ən azı vahid sxem üzrə fəaliyyət göstərən 80 ölkənin təcrübəsi bunu deməyə əsas verir. Risk dərəcələrinə görə bankların təqvim haqqı ödəniş sistemi var ki, bu da tamamilə başqa bir yazının mövzusudur. 

Həmçinin fondun strategiyasında əhalinin bank sisteminə inamının artırılmasına dəstək olmaq məqsədilə isə üzv banklar vasitəsilə və KİV-dən istifadə etməklə əhalinin məlumatlandırılması sisteminə toxunulur. Fonda qanunla həvalə olunan məsələ strategiyadan göründüyü kimi, bankların və KİV-in üzərinə qoyulur. 

Mənbə: musavat.com