Azərbaycan əhalisinin mütləq əksəriyyəti ehtiyac səbəbindən banklardan asılı vəziyyətə düşüb. Elə ailələr var ki, eyni zamanda bir neçə banka kredit ödəmək məcburiyyətindədir. Lakin, tələbin yüksək olmasına baxmayaraq, bank sektorunda təklif meyarları dəyişməz olaraq qalır.
Yüksək faiz dərəcələri, həmçinin komissiya haqları kredit götürənləri müflis edir. Bütün bunlar əhalinin banklara olan inamını xeyli azaldıb.
Hüquqşünas Əkrəm Həsənov bildrib ki, bəzi bank sahibləri və idarəçiləri bankdakı olan vəsaitlərdən özləri və yaxınları üçün sərfəli şərtlərlə kreditlər veriblər.
“Bu kreditlər uzunmüddətli, girovsuz, aşağı faiz dərəcəsi və s. ilə olub. Bankda olan pullar bank sahibinin pulu deyil. Bu pullar həmin banka əmanət etmiş müştərilərindir. Onlar əhaliyə, sahibkarlara və digər şəxslərə yuxarı faiz dərəcəsi ilə, həm də dollarla, eləcə də başqa ağır şərtlərlə kreditlər verirlər. Bax soyğunçuluq budur. Onlar insanları aldatmaqla məşğul olublar".
Ə.Həsənov vətəndaşlara məsləhətlərini də verib: "Vətəndaşlar bankın kreditini ödəyib bitirdikdən sonra ödəniş qəbzlərini atmasınlar. Çünki bankın 3 il ərzində məhkəməyə müraciət etməyə ixtiyarı var. Yəni, banklarımızda oturan oğrular da bilirlər ki, əksər hallarda vətəndaşlar borcu bağladıqdan sonra qəbzləri atırlar. Bank vətəndaşı məhkəməyə verdikdən sonra isə vətəndaş sübut edə bilmiyəcək ki, həmin borcu bağlayıb. Ona görə də mən məsləhət görərdim ki, vətəndaşlar kredit müqaviləsi bitdikdən 3 il sonra bütün sənədləri saxlasınlar”.
Mənbə: Modern.az