Banklar və BOKT-ların əsas fərqi nədir? | Banco.az

Banklar və BOKT-ların əsas fərqi nədir?

Müəllif: Həbilov Şəhriyar 

Sərbəst bazar iqtisadiyyatının inkişafı, kredit-pul münasibətlərinin intensiv artımı və digər iqtisadi-sosial amillər nəticəsində yeni-yeni banklarla yanaşı sırf kredit verilməsi ilə məşğul olan kredit təşkilatları da meydana gəlməyə başladı. Bəs kredit təşkilatları eynilə banklarda olduğu kimi kredit verilməsini həyata keçirə bildiyi halda nə üçün əmanət cəlb edə bilmir və ya girov əmanəti ilə bank əmanəti arasında fərq nədən ibarətdir?

Bank olmayan kredit təşkilatlarının fəaliyyəti “BOKT-lar haqqında” 25 dekabr 2009-cu il tarixli qanunla və digər qanunvericilik aktları ilə tənzimlənir. Qanunun 1.0.1-ci maddəsində BOKT-lara lisenziya əsasında kredit verilməsi və qanunla nəzərdə tutulmuş digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşdırılmış kredit təşkilatı kimi anlayış verilmişdir. Qanunda digər fəaliyyət növləri qismində faktorinq, forfeytinq, lizinq, veksellərin uçotu, qarantiyanın verilməsi, sığorta agenti xidməti, borc alanlara maliyyə, texniki və idarəetmə məsələləri üzrə məsləhət xidmətinin verilməsi göstərilmişdir. Göründüyü kimi qanunda əmanət cəlb edilmə barədə heç bir icazə nəzərdə tutulmamışdır. Buna baxmayaraq qanunun 1.0.3-cü maddəsi girov əmanəti barədə qeyd edilir ki, orada da kredit müqaviləsinin qüvvədə olduğu müddətdə borcalan tərəfindən kreditin qaytarılmasının təminatı formalarından biri kimi kredit təşkilatına birdəfəlik və ya hissə-hissə ödənilən pul vəsaiti kimi anlayış öz əksini tapmışdır.

Bununla yanaşı qeyd edə bilərik ki, əslində qanun BOKT-ları iki növə ayırır. Girov əmanəti cəlb etmək hüququ olan və belə hüququ olmayan kredit təşkilatlarına. Əvvəla qeyd edək ki, bank əmanəti barədə müddəalar, məhz Mülki Məcəllə ilə tənzimlənir. Məcəllənin 944.1-ci maddəsində bank əmanətinə bir tərəfin (bank) başqa tərəfdən (əmanətçi) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürməsi barədə müqavilə kimi anlayış verilmişdir. Buradan belə bir sual da ortaya çıxa bilər ki, bəs nə üçün kredit təşkilatının cəlb etdiyi əmanət bank əmanəti deyil, girov əmanəti adlandırılır. İlk olaraq qeyd edə bilərik ki, bu adlandırma həm kredit təşkilatının hüquqi statusunun bank olmaması ilə, həm də öhdəliyin icrasının təmini üsullarından biri kimi girovun çıxış etməsindən irəli gəlir. Məhz, göstərilən bu səbəblərə görə kredit təşkilatının cəlb etdiyi əmanət girov əmanəti adlandırılır.

Ən sərfəli kredit üçün müraciət et

Girov əmanəti cəlb etmək üçün hər bir halda bu hüququn verilməsini də özündə əks etdirən lisenziyanın Mərkəzi Bankdan alınması başlıca şərt hesab edilir. Bəs girov əmanətinin bank əmanətindən başlıca fərqi nədən ibarətdir? Bu sualı cavablandırmazdan öncə onu da qeyd etmək lazımdır ki, girov əmanəti bank əmanətində olduğu kimi bankın bu əmanətlər üçün açılmış xüsusi hesabında saxlanılır. Bu o deməkdir ki, girov əmanətini kredit təşkilatı özündə saxlaya bilmir və ondan istifadə etmək imkanına malik deyil. Bundan əlavə olaraq qeyd edək ki, girov əmanətinin müddəti kreditin müddəti ilə məhdudlaşır. Kredit tam ödənildiyi gündən sonra 2 iş günü müddətində BOKT borcalana girov əmanətini və Əmanət üzrə bank tərəfindən hesablanmış faizləri də (müqavilədə göstərildiyi hallarda) ödəməlidir. Bank olmayan kredit təşkilatı tərəfindən girov əmanətinin cəlb edilməsində məqsəd ondan ibarətdir ki, borcalan aldığı kredit üzrə əsas məbləği və həmçinin faizlərlə birlikdə borcu ödəyə bilmədikdə, kredit üzrə borc tələbi birbaşa olaraq girov əmanətinə yönələ bilsin. Bundan əlavə olaraq “BOKT-lar haqqında” qanunun 18.1-ci maddəsində girov əmanətinin məbləği kimi əsas borcun qalığı və onun faizlərindən çox olmaması şərti də müəyyən edilmişdir.

Yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edə bilərik ki, girov əmanəti əslində istehlakçıların hüquqlarının təmininə yönəldilmiş mütərəqqi vasitədir. Bu baxımdan da əgər kredit təşkilatından kredit götürdükdə, girov əmanətinin olub-olmamasını öyrənməkdə fayda vardır.