"Bankir olmaq" üçün təlimat! | Banco.az

"Bankir olmaq" üçün təlimat!

Müsahibimiz: BMG International şirkətinin Baş direktoru Orxan Məmmədov                                               

Orxan bəy, ümumiyyətlə bankda işə başlama prosesini neçə mərhələyə bölmək olar və bu hansılardır?

Könül xanım, sualınız üçün təşəkkür edirəm. Bankda işləmək istəyənlərin ilk addımı onların özlərini bu sahəyə hazırlamağından keçir.

Bankda işləmək istəyən insan ilk öncə Bank işi barəsində məlumat əldə etməlidir, öz şəxsi biliklərini artırmalıdır. Bildiyiniz kimi ilk olaraq əksər Azərbaycan Banklarına müraciət edərkən məntiq üzrə test prosesi keçirilir. Onun üçün müraciətçi gərək məntiq sahəsi üzrə biliklərini təkmilləşdirsin. Məntiq imtahanlarına hazırlaşsın. Ondan sonra müsahibə mərhələsi və uğurlu bu prosesləri keçdikdən sonra Bankda təcrübə müddəti başlayır.

Siz bu mərhələlərdən hansında “bankir olmaq” arzusunda olan tələbələrə kömək ola bilirsiniz?

Biz ilk mərhələdə “Bankir olmaq” arzusunda olan tələbələrə dəstək oluruq. Tələbələr ilk öncə şirkətimiz tərəfindən müsahibə olunur.

Biz şirkətimizə müraciət etmiş şəxsin hansı müsbət xüsusiyyətlərə və hansı mənfi xüsusiyyətlərə malik olduğunu onunla birlikdə müəyyən edirik. Bir sözlə namizədlə birlikdə onun SWOT analizini aparırıq. Apardığımız analizlər əsasında həmin şəxs üçün karyera inkişaf planı hazırlayırıq. Tək Bank sahəsi üzrə deyil, eyni zamanda Maliyyə, Mühasibatlıq, Marketinq, Satış və digər sahələr üzrə də inkişaf etmək istəyən, dərin praktiki biliklər qazanmaq istəyənlər bizə müraciət edə bilərlər.

Tez-tez mənə ünvanlanan sualı mən də Sizə  vermək istərdim: “Bank imtahanlarında ən çox necə suallar düşür? Yəni ilkin test mərhələsində.

İlkin test mərhələsində əksər Banklarda əsasən məntiq mövzusu üzrə suallar düşür. Bu suallar əsasən 3 tipə bölünür. Birinci tip suallar riyazi məntiq üzrə suallardır.

Məsələn 3, 7, 10, 20, 24, 27, 54, ? formasında misalda sual işarəsinin yerindəki rəqəmi tapmaq tələb olunur. İkinci tip Şəkil və fiqurlarla bağlı testlərdir ki, burada analogiyaya görə şəkillərin seçilməsi, fiqurların tamamlanması, fərqlənən şəkil və fiqurların seçilməsi və bu kimi suallar yer alır. Üçüncü tip suallar isə ümumi dünya görüşü ilə bağlı suallar aiddir. Məsələn: Hacı Zeynalabdin Şirvani, Fernand Magellan, Mixail Lazaryev, Ceyms Kuk və Piri Rəisi birləşdirən ümumi cəhəti tapın. Adları çəkilən şəxslər məşhur səyyah olmuşdurlar.

Test mərhələsini keçən iştirakçıları isə müsahibə mərhələsi daha çox narahat edir. Müsahibəyə hazırlıq nə üçün vacibdir və işəgötürənlər ən çox nəyə diqqət edir?

Müsahibə mərhələsi olduqca vacib mərhələdir. Bunu hər bir namizəd bilir ancaq heç kim bu mərhələyə onun vacibiyyətinə baxmayaraq hazırlaşmır. Mən özüm bir çox gənclərlə müsahibə keçirmişəm və mənfi cəhət odur ki, namizədə özü barədə məlumat verməsini bildirərkən özləri barədə sadəcə 2-3 cümlə bildirməklə kifayətlənirlər və qarşı tərəfə çətin suallar vermək imkanı yaradırlar ki, bu da onların uğursuzluğuna səbəb olur.

Ən sərfəli kredit üçün müraciət et

Bəs müsahibəyə hazırlaşmaq üçün nə etmək lazımdır?

Bunun üçün müsahibəyə getməzdən öncə danışacaqlarını oturub əvvəlcədən bir vərəqə yazmaq lazımdır. Həm də bu yazı elə olmalıdır ki, onun içərisində qarşı tərəfə suallar yaradacaq məqamlar olsun. Məs. namizəd gələrkən bildirir ki, mənim adım Əliyev Samir Arif oğludur. Mən 1991-ci ildə anadan olmuşam. Azərbaycan Dövlət İqtisad Universitetində oxumuşam. Bir çox müsahibələrdə verilən məlumatlar bununlada bitir. Təbii olaraq intervyu edən şəxs verilən məlumatlar əsasında soruşur ki, məs. İqtisad Universitetində oxumusan de görək İqtisadi Nəzəriyyə nədir? Uyğun olaraq da əksər hallarda bu suala cavab verməkdə çətinlik yaranır və müsahibəyə gələn gənc barədə mənfi təsəvvür yaranır. Bəs nə etmək lazımdır? Bunun üçün intervyu edən şəxsə Sənin cavabını bildiyin və qarşı tərəfin verməsini istədiyin sualları yaratmaq lazımdır. Məsələn. Deyirsən ki, İqtisad Universitetində oxumuşam. Oxuduğum dövrdə bir sıra layihələrdə iştirak etmişəm. Belə olduğu halda sual prioriteti İqtisadi Nəzəriyyə nədir? sualından Hansı layihələrdə iştirak etmisiniz? Sualına dəyişir. Təbii ki, əvvəlcədən də bu suala cavab hazırlamaq lazımdır. Belə etməklə müsahibə maraqlı bir söhbətə çevrilir və nəticədə namizəd də uğur qazanır.

Bunları öyrənmək üçün namizədlər nəyi bilməli, hansı mənbələrdən istifadə etməlidir?

Qeyd etdiyim kimi əsas etibarı ilə hazırlaşıb, öz üzərində çalışmalıdırlar. Təbii ki, bu işdə biz də BMG International olaraq hər bir gəncə dəstək ola bilərik. Biz tələbələrə xüsusi Bank işi proqramı təklif edirik ki, bu proqrama məntiq üzrə də hazırlıq imkanı daxil etmişik. Bu proqram çərçivəsində tələbələr həm Bank sektoru ilə tanış olurlar, Bank məhsul və xidmətləri ilə tanış olurlar eyni zamanda Bankda işləməyə başlamaq üçün biliklər əldə edərək işə başlayırlar.

Tələbələrinizdən bankda çalışanlar varmı? Onlara işədüzəlmə prosesində nə qədər yardımçı ola bilirsiniz?

Tələbələrimizin əksəriyyəti Banklarda çalışır. Hətta bir sıra tələbələrimiz olmuşdur ki, fərqli sahələrdə təhsil almış, bank sektorundan kənar sahələrdə çalışmış olurlar. Biz onlarla bərabər çalışaraq müsahibə, məntiq mərhələlərinə onları hazırlayırıq və əldə etdikləri biliklər sayəsində əksər hallarda Banklarda işə başlayırlar. Məsələn tələbələrimizdən biri restoranda ofisiant olaraq çalışırdı. Biz müsahibə prosesinə hazırlaşarkən onunla bərabər ofisiant işi ilə Bank işi arasındakı oxşar cəhətləri müəyyən etdik. Müsahibədə bu oxşar cəhətlərdən istifadə edərək danışıq mətni formalaşdırdıq. Nəticədə bu gün o qabaqcıl Banklarından birində çalışır və uğurla inkişaf edir. Əsas odur ki, biz hər bir insana individual yanaşır və ona uyğun bir inkişaf planı hazırlayırıq.

Banco.az portalı haqqında fikirləriniz və namizədlərə dəstək olmaq üçün deyəcəyiniz sözlər varmı?

Ölkənin Bank sektoru barəsində biliklərin, məlumatların cəmləndiyi bir məkandır. Bu resurs nisbətən qısa zamanda fəaliyyətə başlamasına baxmayaraq sürətlə inkişaf edərək dəyərli resurslardan birinə çevrilmişdir. Banco.az portalına uğurlar və nailiyyətlər arzu edirik.