Araşdırma: Gülnar Əhmədli, Banco.az
Son illərdə Azərbaycanda yaşayan və işləyən xarici vətəndaşların sayı artıb. Ölkəyə uzunmüddətli üz tutan vətəndaşlar buraya ya təhsil, ya da iş üçün gəlirlər. Burada yaşayan vətəndaş ölkə banklarının xidmətlərindən də istifadə etməli olur.
Xarici vətəndaşların ən çox qarşılaşdığı suallardan biri yaşadığı ölkədə bank kartı almaq imkanları ilə bağlıdır.
Azərbaycanda yaşayan xarici vətəndaş banklardan ödəniş kartı əldə edə bilərmi? Bununla bağlı qanunvericilikdə hansı tələblər var? Qadağalar nəzərdə tutulubmu?
Mövzu ilə bağlı həm Azərbaycan Mərkəzi Bankı-nın, həm də bankların mövqeyini araşdırdıq. Araşdırmamız nəticəsində məlum oldu ki, bu proses müəyyən sənədlər və bankların daxili qaydaları ilə tənzimlənir.
Mərkəzi Bank məsələ ilə bağlı Banco.az-a bildirib ki, “Banklar haqqında” Qanuna əsasən, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə həmin Məcəlləyə və Qanuna müvafiq olaraq Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ xarakterli aktlar və müqavilə əsasında həyata keçirilir: “Qeyd edirik ki, xarici vətəndaşların yerli banklardan kart əldə etməsi ilə bağlı Mərkəzi Bank tərəfindən məhdudiyyət müəyyən edilməmişdir. Banklar yerli qanunvericiliyin tələbləri, habelə müxtəlif risk faktorları nəzərə alınmaqla bununla bağlı qərarları müstəqil surətdə qəbul edirlər”.
Banklardan aldığımız məlumata görə, xarici vətəndaşların demək olar ki, bütün banklarımızdan kart əldə etməsi mümkündür.
Bunun üçün xarici vətəndaş xarici pasport, müvəqqəti yaşayış icazəsi və ya daimi yaşayış üçün icazə sənədi, tələbə olduğu halda tələbə kartı və ya təhsil müəssisəsindən arayış, sahibkar olduğu halda dövriyyə haqqında bankdan çıxarış, fəaliyyət yeri, eyni zamanda çalışdığı yerdən arayış təqdim etməlidirlər. Qeyd edək ki, bu sənədlər bankdan asılı olaraq dəyişə bilər.
Həmçinin onu da qeyd edək ki, yekun qərar bankın filialında verilir. Belə ki, vətəndaş qeyd edilən sənədləri təqdim edib bankın yoxlamasından keçdikdən sonra kart əldə edə bilər. Həmçinin bank yoxlamadan sonra imtina da verə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!