Aİ bu tarixdən Rusiyadan qaz idxalını dayandıracaq | Banco.az

Aİ bu tarixdən Rusiyadan qaz idxalını dayandıracaq

Müəllif:Mehin Qasımova,Banco.az 

Avropa İttifaqına (Aİ) üzv ölkələr 2028-ci ilin əvvəlinə qədər Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qaz (LNG) idxalının tamamilə dayandırılması planını dəstəkləyib.

Banco.az xəbər verir ki, Avropa Şurası Lüksemburqda keçirilən iclasda üzv ölkələrin energetika nazirlərinin Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılması qaydaları ilə bağlı konsensus əldə etdiklərini açıqlayıb.

Bəyanatda qeyd olunub ki, üzv dövlətlər Rusiyadan təbii qaz idxalının mərhələli şəkildə dayandırılması ilə bağlı tənzimləmə layihəsi ilə bağlı Avropa Parlamenti (AP) ilə danışıqlara dair mövqelərini müəyyən ediblər.

Açıqlamada qeyd olunub ki, plana əsasən, Rusiyadan qaz idxalı 2026-cı il yanvarın 1-dən yeni müqavilələr, 17 iyun 2026-cı il tarixindən etibarən mövcud qısamüddətli müqavilələr və 1 yanvar 2028-ci ildən başlayaraq uzunmüddətli müqavilələr üzrə mərhələli şəkildə dayandırılacaq.

Bəyanatda qeyd olunub ki, mövcud müqavilələrdə dəyişikliklərə yalnız dar miqyasda icazə veriləcək və təchizat problemi ilə üzləşə biləcək dənizə çıxışı olmayan Aİ ölkələrinə müəyyən çeviklik təklif oluna bilər.

Təklif olunan qanun Avropa Şurası və Avropa Parlamenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

2021-ci ilə qədər Aİ təbii qazın 45 faizini Rusiyadan təmin edirdi. Ötən il Aİ-nin Rusiyadan qaz tədarükü dərəcəsi 19 faizə düşüb.

Bir çox Aİ ölkələri hələ də Rusiyadan LNG və boru kəməri qazı almağa davam edir.