Bankın idarə heyəti hansı səlahiyyət və vəzifələri daşıyır? | Banco.az

Bankın idarə heyəti hansı səlahiyyət və vəzifələri daşıyır?

Bankın İdarə Heyəti bankın idarə olunması və fəaliyyətinin həyata keçirilməsi üçün məsuliyyət daşıyır. İdarə Heyətinin fəaliyyətinə onun Sədri rəhbərlik edir və o, bilavasitə Müşahidə Şurası qarşısında hesabat verir.

İdarə Heyəti 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. İdarə Heyətinin üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə təyin edilirlər. Bank yenidən formalaşan zaman Səhmdarların Ümumi Yığıncağı iştirakçılarının ən azı 75%-nin iştirak etdiyi iclas tərəfindən, iclas iştirakçılarının 75% səs çoxluğu ilə seçilir. Sonrakı dövrlərdə isə İdarə Heyətinin üzvləri müşahidə Şurası tərəfindən vəzifəyə təyin və azad olunur. Onlar növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı İdarə Heyətinin üzvlərindən birini İdarə Heyətinin sədri təyin edir. İdarə Heyəti sədrinin səlahiyyətləri İdarə Heyətinin əsasnaməsində müəyyən edilir.

İdarə Heyəti onun iclasında üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.

İdarə Heyətinin qərarları yığıncaqda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda İdarə Heyətinin sədrinin səsi həlledici sayılır.

İdarə Heyətinin səlahiyyət və vəzifələri

İdarə Heyəti bankın Nizamnaməsi, səhmdarların ona vermiş olduğu və bu Əsasnamədə  göstərilən aşağıdakı səlahiyyətlərə malikdir:

  1. bankın cari fəaliyyəti barədə qərarlar qəbul etmək;
  2. inzibatçılar istisna olmaqla, bankın icra orqanlarına işçilərin seçmək, azad eetmək və onlarla müqavilələr bağlamaq, onların vəzifə təlimatlarını müəyyənləşdirib təsdiq etmək;
  3. bankın daşınan və daşınmaz əmlakını yenidən qiymətləndirilməsi üzrə qərar qəbul etmək;
  4. bankın strategiyasının hazırlanmasında iştirak etmək;
  5. kredit və zəmanətlərə görə götürülmüş əsas vəsaitlərin istifadəsi üçün balansa götürmək ya ondan istifadə prinsiplərini müəyyənləşdirmək;
  6. iri kreditlər üzrə öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək;
  7. bankı tərəfdaşlar qarşısında təmsil etmək.

Müşahidə Şurası banka ümumi rəhbərliyi və nəzarəti həyata keçirən zaman İdarə Heyətinin cari işlərinə qarışmır. Bununla belə, Müşahidə Şurası İdarə Heyətinin qərarlarını təftiş edə bilər.

İdarə Heyəti aşağıdakı əsas vəzifələri həyata keçirir:

  1. Bankın strateji planının yerinə yetirilməsini təmin edir.
  2. Səhmdarların və əmanətçilərin mənafelərini, habelə bankın likvidliyini qoruyur.
  3. Bankın kapitalının qorunması və onun gəlirliyini təmin edəcək fəaliyyət göstərir.
  4. Səhmdarların ümumi Yığıncağının, Müşahidə Şurasının və Milli Bankın bank fəaliyyətinin tənzimlənməsi barəsindəki normativ sənədlərin tələblərini yerinə yetirir.
  5. Səhmdarların ümumi Yığıncağı və Müşahidə Şurasının iclasları üçün onun tələb etdiyi sənədləri hazırlayır.
  6. Bankın struktur bölmələrinin əsasnamələrini və işçilərin vəzifə təlimatlarını müəyyən edir.
  7. Bankın funksional icra strukturlarının işinə nəzarəti həyata keçirir.
  8. Bankın cari fəaliyyəti ilə bağlı bütün məsələləri həll edir.
  9. Korporativ idarəetmə üzrə Bazel Komitəsinin tövsiyələrini və qanunvericiliyin tələb etdiyi digər vəzifələri həyata keçirir.

İdarə Heyəti üzvləri onların səhv fəaliyyəti və ya fəaliyyətsizlikləri nəticəsində banka dəymiş zərərə görə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq, maddi və mənəvi məsuliyyət daşıyırlar.

Ən sərfəli kredit üçün müraciət et

İdarə Heyətinin formalaşması, iclasları və səlahiyyət müddəti

  1. İdarə Heyətinin Sədri onun üzvləri içərisindən bütün dövr üçün Səhmdarların Ümumi Yığıncağı, onun müavinləri isə İdarə Heyəti üzvləri içərisindən Müşahidə Şurası tərəfindən təyin olunur.
  2. İdarə Heyətinin Sədri və üzvləri seçilərkən aşağıdakı amillər əsas götürülür:
  • Sədr və üzvlərin mütləq ən azı 3 il bank və ya oxşar kredit institutunda rəhbərlik təcrübəsi:
  • iqtisadi, biznes və ya hüquqi təhsilin olması;
  • peşəkar bilik və təcrübə;
  • menecerlik və kollektivdə işləmək qabiliyyəti;
  • qarşısına qoyduğu məqsədə çatmaq qabiliyyəti;
  • sahibkar kimi düşünmək və fəaliyyət göstərə bilmək qabiliyyəti;
  • işə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək;
  • vətəndaş qüsursuzluğuna malik olmaq;
  • Müşahidə Şurası və Audit Komitəsi üzvləri ilə qanunvericiliklə müəyyən olunan qohumluq əlaqələrinin olmaması;
  • dəqiq planlaşma, zəngin marketinq və ciddi nəzarət etmək qabiliyyəti;
  • insanlarla tez ünsiyyətə girə bilmək və s.

İdarə Heyəti üzvlərinin 75%-nin iştirak etdiyi iclas kvorumlu hesab olunur və qərarlar adi səs çoxluğu prinsipi ilə qəbul edilir. İclasa İdarə Heyətinin Sədri sədrlik edir.

İdarə Heyətinin plan üzrə iclasları ayda 1 dəfədən gec olmayaraq keçirilir. İdarə Heyətinin növbədənkənar iclasları Müşahidə Şurası, Audit Komitəsinin müraciətləri, İdarə Heyəti Sədrinin təşəbbüsü və ya  İdarə Heyəti üzvlərindən hər hansı birinin tələbi ilə çağırılır.

İclaslarda qərarlar açıq səsvermə ilə sadə səs çoxluğu əsasında bir nəfər= bir səs prinsipi ilə qəbul edilir. Səsvermə zamanı bitərəf qalmağa icazə verilmir. İdarə Heyətinin katibi iclasa katiblik edir və iclasın nəticələri protokolla rəsmiləşdirilir.

İdarə Heyətinin Sədri və üzvləri aşağıdakı hallarda vəzifələrindən azad edilirlər:

  • vəzifələrinin öhdəsindən gəlmədikdə;
  • digər seçkili orqanlara seçildikdə;
  • öz xahişləri ilə;
  • qanunvericiliyin müəyyən etdiyi digər hallarda.