İslam bankçılığı və onun imkanları, eləcə də islam bankçılığının ənənəvi bank xidmətlərindən fərqi ilə bağlı Fins.az-ın suallarına Transregional İslam İqtisadi Mərkəzinin Müşahidə Şurasının sədri Ədalət Cəbiyev cavab verir:
- Ədalət müəllim, Azərbaycan qanunvericiliyində islam bankçılığı anlayışı varmı?
- Azərbaycanda hələ ki, islam bankçılığı haqqında qanun qəbul edilməyib, amma bu istiqamətdə iş gedir. Yəgin ki, bu il də olmasa, gələn il Milli Məclis bu qanunu qəbul edər. Hazırda müxtəlif ölkələrin təcrübəsi öyrənilir. Hesab edirəm ki, bu məsələdə Orta Asiya ölkələrinin – Qazaxıstanın, Qırğızıstanın və Tacikistanın təcrübəsindən yararlanmaq olar. Bu ölkələrdə artıq İslam bankçılığına başlanılıb. Amma adını çəkdiyim ölkələr qanunvericiliyi İslam prinsiplərinə uyğunlaşdıranda bəzi məsələləri nəzərə almayıblar. Odur ki, digər müsəlman ölkələrinin də təcrübəsinə də diqqət yetirilir. Malayziya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrinə keçdiyi yol maraqlıdır.
- Amma indi bəzi banklar Islam bankçılığı məhsulları təklif edirlər. Onlar nəyə əsaslanırlar?
- Bəli, bəzi islam bankçılığı məhsulları Azərbaycanda yerli qanunvericiliyə uyğun olaraq Kovsarbank ve Azərbaycan Beynəlxalq Bankı tərəfindən tətbiq olunur Söhbət müəyyən təsərrüfat fəaliyyətinin maliyyələşdirilməsindən və əmanətlərin şəriət qaydalarına uyğun yerləşdirilməsindən gedir. Azərbaycan qanunvericiliyi cherchivesinde bank ve mushteri arasynda baglana bilen bezi mugavileler Şəriətə zidd deyil.
- İslam bankçılığının adi bankçılıqdan fərqləri konkret nələrdir?
- Şəriət qaydalarlına uyğun fəaliyyət göstərən bank istehlak kreditlərinin deyil, biznes kreditlərinin verilməsini zəruri hesab etməlidir. Yəni, çalışmalıdır ki, iqtisadiyyata, real sektora dəstək olsun, əlavə dəyər yaratsın. Bu baxımdan Azərbaycanda bəzi bankların, İslam bankları olmasalar da, fəaliyyətini müsbət qiymətləndirmək olar, onlar bacardıqca sahibkarlara kredit ayırırlar. Amma bəzi banklar da var ki, onlar özlərini küçədəki lombard kimi aparırlar, yüksək faizlərlə istehlak kreditləri verirlər. İslam bankçılığında isə başlıca şərt məhz social-iqtisadi inkişafda iştirak etmək ve bu inkişafı dəstəkləməkdir.
- İslam bankçılığı üzrə müqavilələr nəyə əsaslanmalıdır?
- İslam bankçılığı müqavilələri Islam kommersiya hüququna uyğun bağlanılmalıdır. İslam kommersiya hüququnun, İslam hüquq sisteminin bir tərkib hissəsi kimi, istinad mənbəyi “Qurani-Kərim”, hədislər, və İslam dininin digər mühüm prinsipleridir. Artıq beynəlxalq miqyasda sübut olunub ki, Islam kommersiya huguguna uyğun müqavilələr daha ədalətlidir.
- İslam bankçılığı ilə bağlı ən çox sual doğuran məsələ ayrılmış kreditə görə faiz ödənilib-ödənilməməsidir. İslam bankçılığında faiz varmı?
- İslamda həm borcu faizlə vermək qadağandır, həm də borcu üstunə faiz əlavə etməklə qaytarmag qadağandır. Hansısa iş adamına kredit ayrıldigda, kreditə görə banka pul - yəni muüştərinin mənfəətinin müqavilədə götərilmiş hissəsi - ödənilir, amma eyni zamanda risklər də bank və müştəri arasında bölünür. Əgər kimsə kredit alıb ondan asılı olmayan səbəblərə görə, qaytara bilmirsə, bu təkcə müştərinin deyil, həm də onun biznes-planını qəbul edən, ona pul vermiş bankın məsuliyyətidir.
Bir çox banklar isə girov götürüb arxayın otururlar, onları borc verdikləri adamın sonrakı vəziyyəti, taleyi maraqlandırmır. Bu, düzgün deyil. Bəzi islami kreditlər ticarət müqavilələri əsasında verilir. Bu zaman bank öz gəlirini hər hansı bir aktivin (müştəriyə lazım olan yaxud müştərinin istehsal etdiyi) alqı-satqısından qazanır.
- Başqa hansı məsələlər nəzərə alınmalıdır?
- Bundan başqa, kredit ayıran tərəf müştərinin təsərrüfat fəaliyyətinin xüsusiyyətlərini nəzərə almalıdır. Müştəri kreditin istifadəsi ilə gəlir və ya mənfəət əldə edənə kimi bank ondan kreditə görə ödəniş tələb etməməlidir. Məsələn, bir çox banklar kredit ayırır, həmin andan başlayaraq aybaay ödəniş tələb edirlər. Tutaq ki, siz 6 aydan sonra məhsul yığacaqsınız, deməli bank indidən sizdən verdiyi borca gorə ödəmələri tələb etməməlidir.
Daha bir məqam isə odur ki, İslam bankçılığına uyğun bağlanılan kredit müqaviləsi ədalətli hər iki tərəfin ürəyincə olmalıdır. Yəni, kimsə əlacsızlıqdan gedib bankdan kredit götürürsə və yaxud ödəniş qabiliyyətinə uyğun gəlməyən şərtlərlə kredit alırsa, müqavilənin şərtləri hər iki tərəfə eini dərəcədə məlum və aydın deyilsə, bu İslam bankçılığında qəbul olunmur və haram sayılır.
- Bəs əmanət yerləşdirilməsi İslam bankçılığında necədir?
- Bu məsələ də kredit verilməsi kimidir. Yəni, bank sizin əmanəti qəbul edir və deyir ki, mən bu əmanətlərə görə təxminən (bazara və tecrübəyə görə) bu qədər gəlir ( effektiv faizlə hesablanır) ödəyirəm. Amma yenə də, əgər bank sizin əmanətinizdən heç nə qazanmasa və ya itki olubsa, sizə xeyir verməli deyil. Yəni, risklər müqavilədə nəzərdə tutulduğu kimi bölüşdürülür. Eyni zamanda, İslam banklarında əmanətin qorunub saxlanması üçün lazımi mexanizmlər tətbiq olunur.
Onu da deyim ki, İslam bankçılığında adi bankçılıqdan da ciddi dakhili ve dövlət nəzarəti olur. Yəni, bank və yaxud müştəri yalandan “heç nə qazanmamışam, götürdüyüm pulu batırmışam” deyib ödəməkdən yayına bilməz. Bu məsələdə müəyyən nəzarət mexanimzlərindən istifadə olunur, hər iki tərəfin fəaliyyətinə cidd nəzarət edilir.
fins.az