Bankçılıq nəhəngləri maliyyə hesabatlarını açıqlayıb | Banco.az

Bankçılıq nəhəngləri maliyyə hesabatlarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Bank of America”, “Wells Fargo” və “Citigroup” 2025-ci ilin dördüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ-da maliyyə hesabatları mövsümü davam edir.

ABŞ-ın ikinci ən böyük bankı olan "Bank of America"nın xalis mənfəəti ötən ilin son rübündə artıb. Bank ötən ilin dördüncü rübündə 7,6 milyard dollar xalis mənfəət və ya hər səhmə görə 0,98 dollar qazanc açıqlayaraq proqnozları üstələyib. Gözlənti səhm başına 0,95 dollar mənfəət idi.

"Bank of America"nın satış və ticarət gəlirləri dördüncü rübdə 10 faiz artaraq 4,5 milyard dollara çatıb. Bu göstərici bankın baş icraçı direktoru Brayan Moynihanın ötən ay verdiyi proqnozlarla uyğunluq təşkil edir.

Wells Fargo

ABŞ-ın dördüncü ən böyük bankı olan "Wells Fargo"nun mənfəəti də faiz gəlirlərindəki artım fonunda yüksəlib.

31 dekabr tarixində başa çatan üç aylıq dövrdə bankın xalis mənfəəti 5,36 milyard dollar, səhm başına mənfəəti isə 1,62 dollar olub. Ötən il eyni dövrdə xalis mənfəət 5,08 milyard dollar, səhm başına qazanc isə 1,43 dollar təşkil etmişdi.

Bankın gəlirləri 21,29 milyard dollar səviyyəsində qeydə alınaraq proqnozları üstələyib. Gözlənti 21,64 milyard dollar idi.

"Wells Fargo"nun xalis faiz gəliri isə dördüncü rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 12,33 milyard dollara yüksəlib. “Bloomberg”in gözləntisi 12,43 milyard dollar səviyyəsində idi.

Citigroup

"Citigroup"un dördüncü rübdəki mənfəəti Rusiyadakı fəaliyyətlərinin satışı ilə bağlı 1,2 milyard dollarlıq zərər səbəbindən 13 faiz azalıb.

Bu dövrdə bankın xalis mənfəəti 2,47 milyard dollar olub. Səhm başına xalis mənfəət 1,19 dollar səviyyəsində qalaraq proqnozlardan aşağı olub. Gözlənti 1,62 dollar idi.

Bankın xalis faiz gəliri isə dördüncü rübdə 14 faiz artım göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram