2017-ci il aprelin 12-də İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində “Bank sektorundakı vəziyyətin KOS-lara təsiri və gözləntilər” mövzusunda dəyirmi masa müzakirələri təşkil edib. Müzakirədə dövlət qurumlarının, sahibkarlar, müstəqil ekspertlər və yerli QHT-lərin təmsilçiləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan və tədbir iştirakçılarını salamlayan Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov tədbir iştirakçılarına “Kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinin icra edildiyi dövrdə ölkədə kiçik sahibkarların üzləşdiyi problemlərin araşdırılması və bunların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə qısa məlumat verdi.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi Orxan Bayramov sahibkarlığın inkişafı baxımından onların maliyyələşməsinin zəruri olması və bu işdə bankların rolunun artması üçün maliyyə sektorunda vəziyyətin sabitləşməsinin vacibliyini qeyd etdi.
Sonra İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin üzvü, layihənin eksperti Samir Əliyev “Bank sektorundakı vəziyyətin KOS-lara təsiri və gözləntilər” mövzusunda təqdimatla çıxış etdi. Onun sözlərinə görə, neft gəlirlərinin azalması fonunda baş vermiş devalvasiya zərəri ilk növbədə bank sektoruna vurduğunu qeyd etdi: “Devalvasiya gözləntisi fonunda əhalinin və şirkətlərin depozitlərini sürətlə xarici valyutaya konvertasiya etməsi bankları da verdikləri kreditərin valyuta strukturuna dəyişiklik etməsinə səbəb oldu. 2014-cü ilin sonlarından başlayaraq sahibkar üçün ancaq xarici valyuta kreditlərinin əlçatan olması onların kreditlərini manatın məzənnəsindən asılı vəziyyətə saldı. Manatın dollara münasibətdə dəyərini 2 dəfəyədək itirməsi dollarda kredit götürən sahibkarların aylıq xərclərini kəskin artırdı. Yüksək faizlə (16-25%) götürülmüş müxtəlif təyinatlı dollar kreditlərinin aylıq ödənişi daha 100% artdı. Bir tərəfdən aylıq ödəniş yükünün artması, digər tərəfdən pul kütləsinin azalması fonunda satış və istehsal dövriyyəsinin azalması gəlirlərin azalması, xərclərin isə artması ilə müşahidə edildi. İlk devalvasiyadan sonra 13 bankın bağlanması nəticəsində bir sıra şirkətlərin həmin banklarda depozitlərinin taleyini sual altına saldı. Digər problem banklar vasitəsilə xaricə ödəniş etməkdə yarandı. Bəzi bankların likvidlik problemlərinin olması xaricə pul köçürtməyə çətinlik yaratdı.
Ekspertə görə, hökumət bank sektorunun sabitliyinin və dayanıqlığının təmin edilməsi üçün banklara dair prudensial tələblərinin yumşaldılması yolu ilə onlara əlavə likvidliyin verdi, zəif və problemli bankların sektordan uzaqlaşdırdı, sistem əhəmiyyətli banklarlara fərdi dəstək verdi, bank sektoruna bir sıra güzəştlər verdi, kredit qoyuluşuna dair tələbləri sərtləşdirdi.
Ekspert bank sektorundakı problemlri sahibkarlığa mənfi təsirlərini sadaladı. Onun sözlərinə görə, bsş verənlər sahibkarlıq subyektlərinin kreditə əlçatanlılığını çətinləşib. Kredit qoyuluşunun 2012-2016-cı illər üzrə statistik təhlili göstərir ki, devalvasiya nəticəsində bankların aktivlərinin pisləşməsi onların kreditləşməni məhdudlaşdırmalarına səbəb olub. 2000-ci illərin ortalarında kredit qoyuluşunda müşahidə edilən artım tempi son iki ildə nəinki yavaşıyıb, hətta ayrı-ayrı sahələr üzrə azalmasına gətirib çıxarıb. Məsələn, devalvasiyadan sonra ticarət və xidmət sektorunda kredit qoyuluşu 16,5%, kənd təsərrüfatı və emal sektoru üzrə 57%, inşaat və əmlak sektoru üzrə 36,1%, sənaye və istehsal sektoru üzrə 46,1% azalıb.
Ekspert digər problem kimi kreditlərin dollarlaşması səbəbindən sahibkarların milli valyutada kredit almasının çətinləşməsini göstərib. Devalvasiya gözləntisi 2014-ci ilin sonlarından başlayaraq bank sektorunun dollarlaşmasını sürətləndirdi. Proses ona gətirib çıxardıb ki, 2012-2016-cı illərdə cəmi kreditlərdə xarici valyuta kreditlərinin payı 31,2%-dən 47,3%-ə yüksəldi. Ödəniş yükünün artması nəticəsində kreditlərin qaytarılmasının çətinləşməsi sahibkarların yenidən borclanma imkanlarını və biznesi genişləndirmək imkanlarını məhdudlaşdırıb. Manatın dollara olan məzənnəsinin aşağı düşməsi dollar krediti götürən müştərilərin, o cümlədən sahibkarların aylıq ödənişini 2 dəfədən çox artırıb. Bütün bunlar problemli kreditlərin həcminin və payının artmasını stimullaşdırıb. Təsadüfi deyil ki, ölkə üzrə vaxtı keçmiş kreditlərin payı 2012-ci ildəki 6,1%-dən 2016-cı ilin sonuna 9,0%-ə qədər yüksəlib.
KOS-ların banklardakı vəsaitləri üzərində sərəncam vermək imkanının məhdudlaması sahibkarların öhdəliklərinin icrasında problemlər yaradılb. Devalvasiyadan sonra 13 kommersiya bankının lisenziyalarının geri alınaraq fəaliyyətlərini dayandırmaları həmin banklarda hesabı olan sahibkarlar üçün problemlər yaratdı. Problem təkcə bağlanan banklardakı vəsaitlərlə bağlı deyil. Hazırda fəaliyyət göstərən bəzi banklarda da analoji vəziyyət yaranıb. Şirkətlər hesablarındakı vəsaitləri istifadə edə bilmirlər. Müəyyən dövr kəsiyində dollar qıtlığının yaranması və sonrakı mərhələdə milli valyutanın qeyri-sabitliyi idxalatçıların dövriyyəsini əhəmiyyətli dərəcədə azaltdı. 2016-cı ilin sonlarına yaxın bazarda dollar qıtlığı müşahidə edildi. Mərkəzi Banka 7,5 milyard manat həcmində vəsait ayrılması problemi aradan qaldırsa da 2017-ci ilin əvvəllindən başlayaraq xarici valyutanın alş-satış məzənnəsinə tətbiq edilən ±4 faizlik marja ləğvi manatın məzənnəsində sabitliyin olmaması problemini ortaya çıxartdı.
Sonda S.Əliyev bank-maliyyə sferasında baş verən proseslərin KOS-ların inkişafına neqativ təsirinin azaldılması üçün təmsil etdiyi təşkilatın hazırladığı tövsiyələri təqdim edib.
Dəyirmi masa iştirakçılarından Cəlal Əliyev, Elman Sadıqov, Orxan Yusifov, Əlikram Məmmədov təqdimatla bağlı fikirlərini bildiriblər.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin
İctimaiyyətlə Əlaqələr Departamenti