Bank sektorunda vəziyyətin getdikcə gərginləşməsi artıq heçkəsdə şübhə doğurmur və bir sıra banklar artıq bəzi əməkdaşlar ilə yollarını ayırır. İndiyə qədər öz stabilliyi və yüksək gəlirliyi ilə seçilən sektor sanki hazırda tufandan öncəki sakitliyə qərq olub. Mövcud vəziyyətlə bağlı iqtisadçı ekspert Rəşad Həsənovun fikirlərini öyrənməyə çalışdıq.
İqtisadçı ekspert RƏŞAD HƏSƏNOV:
Bank sektorunda yeni ixtisarlara və əməkdaşların sayının azaldılmasına dair
“Əlbəttə ki, hazırda ölkədə iqtisadi tarazlığın pozulması ilk növbədə bank sektoruna təsir edir.
Ümumilikdə bank-maliyyə sektorunu iqtisadiyyat üçün barrometr hesab etmək olar ki, bu sektor baş verən istənilən müsbət və mənfi dəyişikliyə qısa müddətdə və daha adekvat reaksiya verir.
Beləliklə ötən ilin sonlarından başlayan daralma prosesi bank işçilərinin gəlirlərinə, sektorda iş yerlərinin azalması, yəni ixtisarlara səbəb oldu.”
Bank sektorundan əməkhaqqıların gerçək və ya şişirdilmiş olmasına dair
“Son dövrlərdə bank sektorunda əməkhaqqı və digər gəlirlər (bonuslar) digər sahələrlə müqayisədə yüksək idi. Lakin, mən bunu bank sektorunda şişirdilmiş əməkhaqları kimi deyil, digər sektorlarda daha az və əksər hallarda daha ədalətsiz maaş təklifi ilə əsaslandırardım.
Digər tərəfdən bank sektorunda fırldaq, pozuntu, vəsaitlərin sui istifadəsi imkanları daha genişdir. Məhz buna görə də dünyanın digər ölkələrində də bu sahədə işçilərə daha yüksək gəlir vəd olunur ki, işçi alternativ mənbələr( qeyri-qanuni) axtarmasın.
Həqiqətən də bank sektoru ağır zəhmət tələb edən sahədir. Xüsusi ilə də Azərbaycan kimi ölkələrdə risk kifayət qədər yüksək, qiymətləndirmə prosesi ağır, iyerarxik münasibətlərdə təzyiq kimi səbəblər iş yükünü və məsulliyyəti çətinləşdirir.
Ötən dövrlər ilə müqayisədə əməkhaqqı və gəlirlərin azalmasına dair
“Banklarda adətən işçi gəlirləri əməkhaqqı üstəgəl komisyon şəklində formalaşır. Əlbəttə ki, əgər kreditləşmə prosesi dayanıb yaxud minimuma düşübsə demək ki, komisyonlar birmənalı şəkildə azalıb.
Digər tərəfdən kreditləşdirməni həyata keçirməyən bank xərclərini daha da azaltmalıdır ki, bu da filialların, işçilərin ixtisarına səbəb olur. Çox güman proses bundan sonra da davam edəcək. Çünki, banklar üçün yeni bir dövr başlayır, desək yanılmarıq. Məhz bu səbəbdən sektorda islahatlar olacaq. Əmək məhsuldarlığının artırılması, elektron dünyanın imkanlarının geniş tətbiqi kimi istiqamətlərdə səylər artırılacaq ki, xərclər azaldılsın. “
Həmçinin bir çox bank filiallarının və hətta gələcəkdə bankların mövcudluğu üçün ciddi təhlükələr davam etməkdədir ki, bu da sektorun işçi tutumuna mənfi təsir göstərəcək. Təbii ki, əməkhaqlarında azalmalarda baş verənlərlə paralel olaraq davam edəcək.