Bank of Baku Baker Tilly Azərbaycan tərəfindən aparılan 2021-ci ilin audit hesabatının nəticələrini açıqlayıb.
2020-ci illə müqayisədə 2021-ci ildə bankın xalis mənfəəti 2,2 dəfə artıb. 2020-ci ildə 15 milyon manat xalis mənfəət əldə edən bank, 2021-ci ildə bu göstəricini 122% artıraraq 33,3 milyon manata çatdırıb.
Aktiv və öhdəlikləri əvvəlki ilin göstəriciləri ilə müqayisədə 20%-dən çox artaraq, uyğun olaraq 519,5 milyon manat və 402,2 milyon manat olub. Aktivlərinin bir hissəsi olan kredit portfelində isə 1,5 dəfə artım müşahidə edilib. Belə ki, bankın kredit portfeli 2021-ci ildə 370 milyon manat təşkil edir. Müştərilərə verilən bu kreditlər 2020-ci ildə aktivlərin 59%-ni təşkil edirdisə, növbəti ildə bu nisbət 71%-ə yüksəlib. Kredit portfelinin 63%-i istehlak kreditləri, 32%-ni isə biznes kreditləri təşkil edir (mikro kreditlər daxil olmaqla).
Depozit portfeli isə 2020-ci ilə nəzərən 25% artaraq, 246,5 milyon manat olub. Bunun 71%-i isə müddətli depozitlər təşkil edir. Depozitləri fiziki və hüquqi şəxslərin depozitlərinə ayırsaq, depozit portfelinin 90%-dən çox olan hissə fiziki şəxslərə məxsus depozitlərdir.
Hesabat dövründə bankın məcmu kapitalı isə 27,3 milyon manat artaraq, 117,3 milyon manat olub.
Bankın göstəricilərindəki artım faiz və qeyri-faiz gəlirlərində də özünü göstərir. Xalis faiz gəlirlərində artım 66% olsa da, qeyri-faiz gəlirlərində bu artım 6,4 dəfəyədək olub.
Əlavə olaraq qeyd edək ki, 2005-ci ildən etibarən fəaliyyət göstərən bankın hazırda 18 filialı və 3 xidmət mərkəzi var.
Bizi sosial şəbəkələrdən izləyin!!