Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi Yanko Yanakiyev, Bolqarıstanın Bakıdakı ticarət missiyasının rəhbəri İliyan Kostovla görüşüb.
ASK-dan banco-az-a verilən məlumata görə, Bolqarıstanın Azərbaycan üçün dost ölkə olduğunu deyən Məmməd Musayev bildirib ki, iki ölkənin dövlət başçıları arasında olan yaxşı münasibətlər iqtisadi əlaqələrimizin daha da genişləndirilməsinə zəmin yaradır. Qeyd olunub ki, Bakı ilə Sofiya arasında birbaşa aviareysin açılması hər iki istiqamətdə turizmin inkişafı ilə yanaşı iki ölkənin iş adamalarının sıx əməkdaşlığı üçün də şərait yaradacaq.
Azərbaycanda Bolqarısstanın ticarət missiyasının rəhbəri kimi yeni təyin olduğunu deyən İliyan Kostov ASK ilə sıx əlaqələrin qurulmasında və biznes icmalara dair məlumatların mübadilə edilməsində maraqlı olduğunu bildirib.
“Qeyd etdiyiniz kimi doğurdan da ölkərimiz arasında çox gözəl dostluq münasibətləri mövcuddur. Lakin bu münasibətlər indiki ticarət dövriyyəsinin həcminə uyğun gəlmir. Bolqarıstan şirkətlərinin Azərbaycana marağı böyükdür. Azərbaycandakı gənc nəsil bizim nəslin nümayəndələrindən fərqli olaraq Bolqarıstan məhsulları haqqında yaxşı məlumatlı deyil. Bu baxımdan Bakıda Bolqarıstan məhsullarının satıldığı mağazaların və ticarət evinin açılması yaxşı ideyadır”.
Məmməd Musayev Bolqarıstan şirkətlərini Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etməklə məhsullarını Orta Asiya və qonşu ölkələrin bazarlarına çıxarmağı təklif edib. M.Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının Bolqarıstanla ticarət əlaqələrinin inkişafı və iki ölkənin iş adamları arasında münasibətlərin qurulması istiqamətində hər an dəstək göstərməyə hazır olduğunu bildirib.
Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi Yanko Yanakiyev əlavə edib ki, hazırda Azərbaycanla Bolqarıstan arasında viza rejiminin sadələşdirilməsi müzakirə edilir.
“Bizim Asan viza ilə bağlı çox yaxşı təklifimiz var. Hazırda bu məsələ Xarici İşlər Nazirlikləri səviyyəsində müzakirə olunur. Biz vizanı ASAN vasitəsi ilə sadələşdirə bilərik. Lakin hansı qərarın veriləcəyini zaman göstərəcək”, - deyə Y.Yanakiyev vildirib.