Azərbaycanın "qırmızı qızılı"nın ixracı azalıb – Avropa bazarlarına çıxmağa mane olan nədir? | Banco.az

Azərbaycanın "qırmızı qızılı"nın ixracı azalıb – Avropa bazarlarına çıxmağa mane olan nədir?

Müəllif:Gülbəniz Hüseynli /Banco.az

Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-oktyabr aylarında ölkədən 126 milyon dollar dəyərində 113,3 min ton pomidor ixrac edilib. 2022-ci ilin yanvar-oktyabr aylarında isə Azərbaycandan 137.1 milyon dollar dəyərində 114,9 min ton pomidor ixrac olunmuşdu.

Statistika onu göstərir ki,  ötən ilin eyni dövrü ilə müqayisədə pomidor ixracı dəyər ifadəsində 11 milyon dollar azalıb.

2023-cü ilin yanvar-sentyabrında Azərbaycan xaricə 124 milyon 294.80 min dollarlıq 112 071.52 ton pomidor ixrac edib. Ötən ilin eyni dövründə 134 milyon 279.33 min dollar dəyərlə 112 354.16 ton ixrac olmuşdu.

Azərbaycanın pomidor ixracında yaranan azalmanın səbəbləri ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov Banco.az-a açıqlama verib.

Ekspertin sözlərinə görə,  Rusiya Ukrayna müharibəsi başladıqdan sonra Rusiyaya qarşı olan iqtisadi blokada, sanksiyaların tətbiqi və ixracatçıların gəlirlərinə çox ciddi təsir göstərməyə başladı.

Baş verən hadisələrlə  əlaqədar ölkəmizdən Rusiya bazarına ixracın zəiflədiyini bildirən iqtisadçı deyir ki, kənd təsərrüfat məhsulları arasında daha çox göndərilən pomidorun ixrac həcminin azalması gözlənilən idi:

“Məhsuldarlığa təsir edən əsas amillərdən biri də kənarda ixrac zəiflədiyi təqdirdə  istehsalın tədarükünə  əvvəlki kimi marağın olmamasıdır. Əsas ixrac bazarı sayılan Rusiyada mövcud iqtisadi vəziyyətlə əlaqədar olaraq kənd təsərrüfatı məhsullarımız, meyvə tərəvəzimizin əkilməsi, yetişdirilməsi, daşınması əvvəlki kimi səmərəli, mənfəətli sayılmır. Bu sahədə biznes quranlar  istər istəməz buradan çəkilməli olurlar”.

Vəziyyətdən çıxış yolu kimi, alternativ bazarların tapılmasına ehtiyac olduğunu vurğulayan iqtisadçı  qeyd etdi ki, biz öz məhsullarımızı hətta Avropa və Asiya ölkələrinə də çatdıra bilərik:

Ən sərfəli kredit üçün müraciət et

“Biz aqrar, kənd təsərrüfatı məhsullarımızın ixracı üçün yeni bazarların şaxələndirilməsinə nail olmalıyıq. Misal üçün Yaxın Şərq ölkələrinə , Avropa Asiya ölkələrinə yollar tapıb məhsul ixracı edə bilərik. Hamıya məlumdur ki, bu kimi məhsullar Avropa bazarlarında geni dəyişdirilmiş formada satılır.Biz öz təbii məhsullarımızı adları sadalanan ölkələrin bazarlarına çıxara bilsək, onu əkib becərənlər, tədarük edənlər daha çox gəlir əldə edə bilərlər”.

Qeyd edək ki, Azərbaycanın Avropaya ixrac coğrafiyasının genişlənməsi qarşısında problem yaradan mühüm amillərdən biri də Ümumdünya Ticarət Təşkilatına üzv olmamasıdır. Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvolma prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2003-cü il tarixli 175s saylı Sərəncamı ilə Azərbaycan Respublikasının ÜTT-yə üzvolmasına hazırlıq işləri üzrə Komissiya yaradılsa da, Avropa İttifaqı ilə strateji əməkdaşlıq sazişinin hələ də  imzalanmaması ölkəmizin Avropa bazarlarına rahat məhsul çıxarılmasında çətinlik yaradır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et