Azərbaycanın metallurgiya sənayesində vəziyyət necədir? | Banco.az

Azərbaycanın metallurgiya sənayesində vəziyyət necədir?

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

Azərbaycan iqtisadiyyatının ən gəlirli və dinamik inkişaf edən sahələrindən biri  də metallurgiya sənayesidir.

Sənayenin əsas dayağı olan metallurgiyanın inkişafı üçün son dövrlərdə yaxşı imkanlar yaradılıb.

Özəl sektorda ilk metallurgiya müəssisəsinin – “Baku Steel Company”nin əsasının qoyulması təşəbbüsüsündən sonra Azərbaycan 2000-ci ildə armatur və digər inşaat məhsulları istehsalı üzrə Zaqafqaziyadakı ən böyük metallurgiya zavodu istifadəyə verildi.

Hazırda zavod dupleksproseslə metallurgiya tullantılarının təkrar emalı texnologiyası üzrə işləyir. Metalın əridilməsi Almaniya istehsalı olan 50-60 tonluq elektrik peçlərdə, davamlı tökmə ilə həyata keçirilir.

Bundan başqa Gəncədə və Sumqayıtda ən müxtəlif yüksək keyfiyyətli məhsullar istehsal edən alüminium zavodları uğurla fəaliyyət göstərir. Sumqayıt Texnologiyalar Parkında yüksək keyfiyyətli metallurgiya məhsulları istehsal edən bir neçə zavod inşa edilib.

Hazırda dəmir filizinin hasilatının keyfiyyət və kəmiyyət parametrlərinin yüksəldilməsi diqqət mərkəzindədir. Metallurgiya sahəsində aparılan ardıcıl siyasəti yerinə yetirmək üçün Azərbaycan kifayət qədər xammal, avadanlıq və elmi mühəndis kadr potensialına malikdir.

Daşkəsəndə dəmir, Filizçay, Katex, Kasdağ, Mehmanlı, Naxçıvanda əlvan metal-alüminium, kobalt, mis, sink, qurğuşun, Daşsalahlıda - filiz sayılmayan bentonit gili yataqlarının olması, Azərbaycanın metallurgiya potensialının böyük bir hissəsi kimi dəyərləndirilir.

Daşkəsən qrupu yataqlarında isbat edilmiş 270 milyon ton filiz ehtiyatı var. Filizin tərkibinin orta hesabla 40 faizi dəmirdir. Bu da 100 milyon ton dəmir ehtiyatı deməkdir. Çıxarılma nisbətini və ehtiyatların təbii artım əmsalını nəzərə almaqla, ölkənin 80-100 illik dəmir ehtiyatı mövcuddur.

Bütövlükdə, neftdənkənar iqtisadiyyatın davamlı inkişafını hədəfləyən respublikamızda qeyri-neft sənayesinin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi xüsusilə diqqət çəkir.

Azərbaycan dövləti qeyri-neft sənayesinin ayrı-ayrı perspektivli sahələrinin inkişafına hərtərəfli şəkildə dəstək göstərir. Dağ-mədən sənayesi də bu sırada yer alır. Bu sahədə potensial kifayət qədər böyükdür. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji İnformasiya Arxivi Fondunun 1991-ci ilə aid məlumatları və açıq mənbələrdən əldə edilmiş məlumatlara əsasən, 30 ilə yaxın işğal altında olmuş ərazilərdə ümumilikdə 70-dən çox əlvan, o cümlədən nəcib metal yataqları və təzahürləri mövcuddur.

 Xüsusilə Kəlbəcər, Zəngilan və Tərtər rayonunun vaxtı ilə işğal olunmuş ərazilərində yerləşən yataqlardan qızıl, gümüş, mis və molibden ehtiyatları ötən əsrin 90-cı illərinin ortalarından etibarən bu yataqlar Ermənistanın cəlb etdiyi xarici investorlar və erməni iş adamları tərəfindən intensiv talanmaya məruz qalmışdı. Azad olunmuş ərazilərdə dağ-mədən sənayesi üçün böyük potensial var. Burada 163 faydalı qazıntı ehtiyatı hesabına dağ-mədən sənayesinin inkişafı planlaşdırılır. Xüsusən də Söyüdlü yatağının hesabına Kəlbəcərin bölgədə dağ-mədən sənayesinin mərkəzinə çevrilməsi imkanları genişdir. Hazırda işğaldan azad edilən ərazilərdə meşə ehtiyatlarının, faydalı qazıntı yataqlarının qiymətləndirilməsi, dağ-mədən sənayesinin, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.

 Öz növbəsində, “AzerGold” QSC fəaliyyətə başladığı dövrdən qanunsuz istismar faktlarına xüsusi diqqət ayırıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan 32 824,54 min ABŞ dolları dəyərində 33 687,28 ton qara metal və onlardan hazırlanan məmulatlar ixrac edib.

Hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 31,9%, həcmi isə 36,2% azalıb.

Məlumata görə, hesabat dövründə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 2,76% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

2023-cü ilin yanvar-avqust aylarında 563,8 min ton qara metal və ondan hazırlanan məmulatlar idxal edilib.

Banco Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 703,2 milyon dollar olub.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 86 293.52 min ABŞ dolları dəyərində 91 102.11 ton qara metal və onlardan hazırlanan məmulatlar ixrac edib.

Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 19.1%, həcmi isə 22.3% azalıb.

Məlumata görə, hesabat dövründə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 3,54% təşkil edib.

Xatırladaq ki, 2022-ci ilin müvafiq dövründə dəyəri 638,3 milyon dollar olmaqla 442,4 min ton qara metal və ondan hazırlanan məmulatlar idxal edilib.

2022-ci ildə Azərbaycan 136 539,76 min ABŞ dolları dəyərində 147 394,57 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 17,5% artıb, həcmi isə 0,21% azalıb. Ötün il qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 4,48% təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 50,2 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % az sənaye məhsulu istehsal edil.

Banco Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 1,8 % azalıb, qeyri neft-qaz sektorunda 6,1 % artıb.

Sənaye məhsulunun 68,4 %-i mədənçıxarma sektorunda, 26,4 %-i emal sektorunda, 4,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,8 % azalıb, əmtəəlik qaz hasilatı isə 4,6 % artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 85,8 %, kompüter, elektron və optik məhsulların istehsalı 60,2 %, poliqrafiya məhsullarının istehsalı 32,4 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31,2 %, tikinti materiallarının istehsalı 27,7 %, içkilərin istehsalı 25,7 %, kağız və karton istehsalı 24,1 %, maşın və avadanlıqların istehsalı 21,1 %, toxuculuq sənayesi məhsullarının istehsalı 19,4 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,6 %, hazır metal məmulatlarının istehsalı 13,7 %, neft məhsullarının istehsalı 11,5 %, qida məhsullarının istehsalı 10,8 %, kimya sənayesi məhsullarının istehsalı 8 %, mebel istehsalı 8 %, tütün məmulatlarının istehsalı 4,6 %, elektrik avadanlıqlarının istehsalı 3,1 %, əczaçılıq məhsullarının istehsalı 2,9 % artıb, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 6,6 %, geyim istehsalı 16,6 %, sair nəqliyyat vasitələrinin istehsalı 21,1 %, sair sənaye məhsullarının istehsalı 23,5 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 25,2 %, metallurgiya sənayesi məhsullarının istehsalı 28,9 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,4 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 14,4 % artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et