Müəllif: Tamara Mustafayeva, Banco.az
"Çin yeni süni ada tikir" iddiası gündəmə gəlib.
Banco.az xəbər verir ki, ABŞ mərkəzli peyk görüntüləmə şirkəti “Vantor” tərəfindən təqdim edilən peyk şəkillərinin təhlilinə əsaslanan The New York Times (NYT) qəzetinin xəbərinə görə, Pekin rəhbərliyi Vyetnam sahilləri yaxınlığında yerləşən mübahisəli sulardakı Antilop rifində son aylarda intensiv tikinti işləri aparır.
Peyk görüntülərində çoxsaylı gəmilərin dəniz dibindən çıxardıqları çöküntüləri ada üzərinə daşıdığı anlar əks olunub. Həmçinin Çin böyük gəmilərin daxil olmasına şərait yaratmaq məqsədilə laqunda kanal açıb və bir neçə ay əvvələ qədər su altında olan ərazilərin hazırda binalar, helikopter meydançaları və körpülərlə təchiz edildiyi müşahidə olunub.
ABŞ mətbuatına danışan ekspertlər bildiriblər ki, Çin ada tikintisi fəaliyyətlərini yenidən sürətləndirərək və həmin ərazidə iri miqyaslı hərbi baza quraraq bölgədəki mövcudluğunu gücləndirməyi hədəfləyir.
Ekspertlər qeyd ediblər ki, ölçüsü və davam edən tikinti işləri nəzərə alındıqda Antilop rifi Çinin bölgədəki ən böyük hərbi bazalarından birinə çevrilə bilər.
Onların sözlərinə görə, bu cür süni adalarda adətən hava zolaqları, radar sistemləri və raket infrastrukturu yerləşdirilir. Bu isə Çinin dəniz və hava qüvvələrinin materikdən kənarda daha fəal fəaliyyət göstərməsinə imkan yarada bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!
