Azərbaycanda və Avropada hansı kredit növlərinə daha çox maraq var? | Banco.az

Azərbaycanda və Avropada hansı kredit növlərinə daha çox maraq var?

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu ilin ikinci rübündə Azərbaycan banklarında istehlak kreditlərinə tələb 29 faiz artıb.

Banco.az-ın məlumatına görə, həmçinin, avto kreditlərə olan tələb 4 faiz, kartlarla kreditə olan tələb 8 faiz, əməkhaqqı ilə kreditlərə tələb 8 faiz, məişət kreditlərinə tələb isə 10 faiz artıb.

2023-cü ilin birinci yarısında Azərbaycan banklarının istehlak kreditləri portfeli 9.9% və ya 571 milyon manat artaraq 6.3 milyard manat təşkil edib. 2023-cü ilin birinci yarısında biznes kreditləri 7.3% (795 milyon manat) artaraq 11.7 milyard manat təşkil edib. 2023-cü ilin sonuna bankların kredit portfelinin strukturunda 55% biznes kreditlərinin payına düşür.

Sənaye, informasiya və kənd təsərrüfatı sahələri üzrə kredit portfeli müvafiq olaraq 144 milyon manat, 95 milyon manat və 79 milyon manat artıb, tikinti və xidmət sektoru üzrə isə kredit portfeli müvafiq olaraq 60 milyon manat və 88 milyon manat azalıb. Hesabat dövrü ərzində ipoteka portfeli 11.3% (336 milyon manat) artaraq 3.3 milyard manata çatıb. İpoteka krediti portfeli üzrə artımın 45%-i (150 milyon manat) dövlət vəsaiti hesabına verilən kreditlər, 55%-i (186 milyon manat) isə bankların daxili vəsaiti hesabına formalaşıb.

Bu ilin 3-cü rübünün yekununa olan məlumata görə Azərbaycanda fəaliyyət göstərən 24 bank arasında ən çox istehlak krediti “Kapital Bank” ASC tərəfindən verilib.

 “Kapital Bank” tərəfindən verilən istehlak kreditlərinin həcmi 2 milyard 148,4 milyon manata yüksəlib. Bankın verdiyi istehlak kreditlərinin həcmi 3-cü rüb ərzində 11,5 faiz artıb.

İkinci yerdə “Beynəlxalq Bank”ın verdiyi istehlak kredit həcmi  1 milyard 277,6 milyon manata yüksəlib ki, bu da 10,1 faiz artım deməkdir.

Üçüncü yerdə “Unibank” dayanır. Bankın istehlak kredit həcmi 640,8 milyon manat təşkil edib. Bu verilən istehlak krediti həcminin 3.7 faiz artdığı deməkdir. 

Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirdi ki, kreditlərin artması iqtisadiyyatın inkişafına təsir edir:

“Verilən kreditin azalması iqtisadiyyatın və əhalinin zərərinədir. İstehlak yox, biznes krediti alanların sayı artırsa, bu daha yaxşı göstərici sayıla bilər. Ümumiyyətlə, banklardan  götürülən kreditlərin həcminin artması iqtisadi aktivliyə təsir edir. İqtisadi aktivliyin olmadığı ölkələrdə iqtisadiyyat tənəzzülə uğrayır. Uçot dərəcəsinin stabil saxlanılmasında  da bunun ciddi təsiri olmasa da müəyyən önəmi var. İqtisadi aktivliyin təmin olunması üçün uçot dərəcəsinin stabilləşməsinə ehtiyac var. Sadaladıqlarım, eyni zamanda əhalinin kreditə önəminin artması istiqamətində əhəmiyyətlidir və iqtisadi aktivliyin əsasını təşkil edir”.

Azərbaycanla müqayisədə Avropada əhalinin kreditlərə necə maraq göstərdiyi ilə bağlı Banco.az-a danışan Almaniyanın "Commerz" Bankının Maliyyə və Riskin İdarə olunması şöbəsinin aparıcı mütəxəssisi, iqtisadçı-ekspert Murad Calalov dedi ki, ümumiyyətlə təkcə Azərbaycanda deyil, bizimlə ortaq mədəniyyətə malik digər millətlər də istehlak kreditlərinə daha çox müraciət edirlər:

“Azərbaycanda Avropa ölkələri ilə müqayisədə daha çox istehlak kreditlərinə maraq var. Məsələ ondadır ki, Avropada əhalinin rifah halı, yaşayış səviyyəsi daha yüksək olduğu üçün onlar tələbatlarını öz qazanclarından ödəyə bilirlər. İkinci səbəb də odur ki, Azərbaycanda insanların maraq və istəkləri xarici ölkələrdə yaşayanlardan daha yüksəkdir. Bu hal özünü  həm mənzil və yaşayış  səviyyəsində, həm sürdüyü maşınlarda, hətta işlətdiyi elektrik məhsullarında belə biruzə verir. Əhali daha çox lüksə dəyər verdikcə, hətta qazandığı əmək haqqı ona almağa imkan vermədiyi təqdirdə belə bu istəyin reallaşması üçün kredit almağa yönəlirlər. Amma Avropada insanlar daha çox imkan daxilində, özlərinə uyğun əşyalardan istifadə etdiyi üçün istehlak kreditlərinə müraciət sayı da azdır”.

Avropada əhalinin daha çox ipoteka və biznes kreditlərinə maraq göstərdiyini vurğulayan ekspert qeyd etdi ki, xüsusilə Almaniya, Fransa, İngiltərə, o cümlədən Skandaviya ölkələrində insanlara 3-5 faizlik uzun müddətli kreditlər verilir:

“Azərbaycanda da  biznes kreditlərinə maraq var, amma də istehlak kreditləri biznes kreditlərinin dəfələrlə çoxdur. Demək olar ki, hər beş  ailədən birində istehlak krediti ilə bağlı banka etdiyi ödənişlər var.  Avropada faiz dərəcələri bazar şərtlərindən asılı olaraq zamanla dəyişir.

Qlobal pandemiyanın son bir neçə ili iqtisadiyyatlarının çökməsinin qarşısını almağa çalışan bütün ölkələr üçün unikal vəziyyətlər yaratdı. Buna görə də banklar pul siyasətlərini zamana uyğun olaraq tənzimləyirlər. Avro zonasında istehlak krediti üzrə orta faiz dərəcəsi təxminən 4,7 faiz təşkil edir. Fransa, Hollandiya və Belçika üç faizdən aşağı istehlak kreditləri üçün ən aşağı faiz dərəcələri olan ölkələr sırasındadır. İpoteka kreditləri avrozona daxilində ümumi kreditləşmənin əhəmiyyətli faizini təşkil edir.

Almaniyada istehlak krediti artımı 2023-cü ildə 0,6 faiz olsa da, 2024-cü ildə 1,8%-ə qədər artacağı proqnozlaşdırılır.  Fransa bu sahədə daha çox möhkəmlik nümayiş etdirir. Fransa ÜDM-i 2023-cü ilin birinci rübündə 0,2 faiz artıb. İspaniyada isə ipoteka kreditləşməsi 2023-cü ilin əvvəlində kəskin şəkildə azalıb. Qeyd edim ki,  Avropa Bankının Kredit Proqnozu 2023-cü il üçün istehlak kreditlərinin 3,2 faiz artacağı istiqamətində idi”. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram