Azərbaycanda saatlıq maaşa keçidin müsbət tərəfləri - Ekspertlər cavabladı | Banco.az

Azərbaycanda saatlıq maaşa keçidin müsbət tərəfləri - Ekspertlər cavabladı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycanda aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi barədə müzakirələr aparıla bilər.

Banco.az-a bu barədə açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib ki, bununla bağlı təkliflərin verilməsi, araşdırmaların aparılmasına ehtiyac var. Hüquqşünas qeyd edib ki, bu dərhal qərar qəbul ediləsi məsələ deyil:

“Həm Maliyyə Nazirliyi, həm İqtisadiyyat Nazirliyi, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə hesablamalar aparıldıqdan sonra bu haqqda qərar verilə bilər.

Məsələn, 8 saat iş rejiminə nəzər yetirsək, görürük ki, hər saat üçün minimum 3 manat təyin olunarsa, hər günə 24 manat edəcək. Bu da ay ərzində 500 manatı keçir. Azərbaycanda isə hazırda aylıq minimum əmək haqqı 345 manat təşkil edir. Eyni zamanda aylıq minimum əmək haqqına bağlı olan bir çox mexanizmlər var. Qərar təsdiqini taparsa, o mexanizmləri saatlıq üçün istiqamələndirmək lazımdır.  Düşünürəm ki, bu məsələ ilə bağlı bir çox  iqtisadi əsaslandırılmalara ehtiyac var”.

İqtisadçı Xalid Kərimli isə Banco.az-a bildirib ki, Avropa ölkələrində minimum aylıq əməkhaqqı deyil, minimum saatlıq əməkhaqqıdan istifadə olunur:

“Ümumiyyətlə, minimum saatlıq əməkhaqqıya keçidin mənfi cəhəti yoxdur. 09.00-18.00 saat arası iş saatları olan şəxslər üçün bunun heç bir fərqi yoxdur. Ölkədə saatlıq üzrə çalışan işçilərin əməkhaqqının müəyyənləşdirilməsi həmin şəxslərin hüquqlarının qorunması baxımından müsbət hal kimi qiymətləndirilir. Belə olan halda  həm işəgötürən, həm də işçi üçün rahatlıq yaranır. Hesab edirəm ki, bu qanun qəbul edilərsə, minimum əməkhaqqı artırılarsa, əmək bazarında münasibətlərin inkişafına təkan verə bilər”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.