Bu gün Milli Məclisin plenar iclasında “Müflisləşmə və iflas haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
"APA-Economics"in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, bu qanuna yeni maddənin əlavə olunması təklif edilir. Komitə sədri əlavə edib ki, bu dəyişiklik Azərbaycanda investisiya və sığorta bazarının inkişafı ilə əlaqədardır: "Yeni maddəyə əsasən, səhmdar investisiya fondu və sığortaçı bu qanunla yanaşı, müvafiq olaraq "İnvestisiya fondları haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunların tələbləri nəzərə alınmaqla müflis elan edilir".
Bu qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. Sənəd Azərbaycan Mərkəzi Bankına şamil edilmir.
Qanunda istifadə edilən "borclu" anlayışı həm borclu müəssisələrə, həm də fərdi borclulara aiddir.
Qeyd edək ki, bu dəyişiklik “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikası qanunları arasında olan uyğunsuzluğu aradan qaldırmaq məqsədi daşıyır.
Sənəd səsə qoyularaq qəbul edilib.