Borcun ödənilməsi ilə bağlı icra mexanizmləri nələrdən ibarətdir? Hər bir halda şəxs aldığı borcun ödənilməsi ilə bağlı yaşanan problemlərlə əlaqədar ilkin olaraq borcun alındığı yerə müraciət etməlidir, çünkü borcun ödənilməsindən boyun qaçırmaq, kredit şirkətləri ilə mübahisə etmək şəxsin əleyhinə nəticələnə bilir. Aldığı borcla yanaşı ödədiyi gecikmə faizləri, cərimələr, məhkəmə və icra prosedurlarının həyata keçirilməsi üçün tutulan rüsumlar və digər prosessual xərclər şəxsin nəinki borcdan daha da çox pul ödəməsinə, hətta onun müflis olmasına da gətirib çıxara bilər. Bu baxımdan ödəmənin gecikməsi səbəbi ilə əlaqədar olaraq borc verən şəxsə - kreditora məlumat vermək əsas şərtlərdən sayılır. O cümlədən Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq münasibətlərə şamil etdiyi Qaydalarda kreditlərin verilməsi, gecikdirilmiş kreditlərlə bağlı münasibətlərin tətbiqi, problemli kreditlər və onların həlli üsulları barədə bəndlər öz əksini tapmaqdadır. Buna misal olaraq müvafiq Qaydaların 4.1.20-ci bəndində göstərilir ki, Bankda problemli, qeyri-işlək kreditlərin ümumi məbləği və ya kredit portfelinə nisbəti müəyyən edilmiş həddə çatdıqda bank kreditləşmə fəaliyətini məhdudlaşdırmalı və müvafiq sağlamlaşdırma tədbirlərini həyata keçirməlidir. Həmçinin Qaydaların 3.2-ci bəndinə görə borcalana kredit ilk dəfə verildikdə bank borcalanın nüfuzunu və öhdəlik götürmə qabiliyyətini nəzərə almalıdır, lakin borcalanın yüksək nüfuzu ona kreditin verilməsi barədə qərar qəbul edilməsinə yeganə əsas olmamalıdır.
Borcalan aldığı kreditin ödənilməsindən özbaşına olaraq imtina etdikdə nə baş verir? Bu halda ilkin olaraq borc problemli kredit kateqoriyasına daxil edilir ki, bu barədə də daimi olaraq kreditor borcalanı məlumatlandırmaq öhdəliyi daşımaqdadır. Həmçinin borcalan tərəfindən borc məbləğinin ödənmədiyi halda tələb üzrə iddia müddəti tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373,2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarı ilə də müəyyən edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə 3 illik iddia müddəti tətbiq edilir ki, müqavilə üzrə iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
Kreditorun iddia tələbi qaydasında məhkəməyə müraciəti əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən Məhkəmə Əmri qaydasında icraat başlanır. Kreditor, həmçinin məhkəməyə müraciət üçün ödədiyi 20 Azn məbləğində dövlət rüsumunu (“Dövlət Rüsumu haqqında” qanun 8.3-cü maddə) da borcludan tələb etmək hüququna malikdir. Məhkəmə icraatı zamanı şahid, ekspert və ya mütəxəssislər üçün ödəniləcək məbləğlər (MPM 117.1-ci maddə) də borcludan tutula bilər.
Məhkəmə Əmri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-ci maddəsinə əsasən tələb məhkəməyə daxil olduğu gündən 3 gün ərzində çıxarılır və qətnamə qüvvəsinə malikdir. MPM-in 281.3 və 282-ci maddələrinə görə 3 gün ərzində borcluya göndərilən əmrdən 10 gün ərzində (“İcra haqqında” qanunun 13.2.2-ci maddəsi) etiraz edilməzsə, qanuni qüvvəyə minmiş hesab edilir. Həmçinin onu da qeyd etmək lazımdır ki, əgər borclu 10 gün müddətində məhkəməyə etiraz edərsə və bu etiraz əsaslı olarsa, işə iddia icraatı qaydasında baxıla bilər.
Həbilov Şəhriyar