Azərbaycanda ikinci devalvasiya riski | Banco.az

Azərbaycanda ikinci devalvasiya riski

Bazarlar Azərbaycanda yenidən devalvasiya olacağını gözləmir və bu barədə mətbuata atılan xəbərlərə heç bir reaksiya vermir. 

Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki,  bir həftə qabaq valyutaya tələbin artması barədə xəbərlərin yenidən gündəmə gəlməsinə baxmayaraq, bu, Bakının valyutadəyişmə məntəqələrində ciddi ajiotaj doğurmadı. Həmin xəbərlərin əsasında noybarın 10-da Azərbaycan Mərkəzi Bankının bazara 90 milyon dollarlıq intervensiya etməsi dayanırdı. 

Həmçinin bildirilmişdi ki, dollara tələbat valyuta dəyişmə məntəqələrində dolların qiymətinin nisbətən bahalaşmasına səbəb olub. Həmin günlər dolların valyutadəyişmə məntəqələrində satış məzənnəsi 1,0535-1,0580 AZN/USD-yə qədər yüksəlmişdi. 

Bakıda valyuta dəyişmə məntəqəsi - 18 oktyabr 2015-ci il 

Bu tendensiyanın davam edəcəyi, ölkədə yumşaq da olsa devalvasiyanın baş verəcəyi gözlənilirdi. Amma ANS PRESS əməkdaşının bu gün ölkənin valyutadəyişmə məntəqələrində apardığı araşdırma vəziyyətin o qədər də gərgin olmadığını üzə çıxradı. Valyutadəyişmə məntəqəsinin işçiləri heç bir ajiotaj olmadığını, dolların satışında artımın yüksək olmadığını bildirdilər. Hazırda dolların satış məzənnəsi 1,0525-1,0530 AZN/USD arasında dəyişir. Yəni qiymətdə bahalaşma olmayıb. 

Əslində, AMB-nin strateji valyuta ehtiyatlarının devalvasiyadan sonrakı dəyişməsi başqa mənzərə də vəd etmir. Əhalidə dollara dəyişmək üçün pul qalmayıb, əlində pul olanlar isə artıq bu istəklərini həyata keçiriblər. 2015-ci ilin mart-oktyabr aylarında AMB-nin strateji valyuta ehtiyatları 4 milyard 169,8 milyon dollar azalıb. Təbii ki, bu pullar valytua dəyişmə və banklar tərəfindən əhaliyə və şirkətlərə verilib. 

AMB-nin strateji valyuta ehtiyatları (milyon dollar) 

Mənbə: Azərbaycan Mərkəzi Bankı
Strateji valyuta ehtiyatlarının azalıb-artmasının aylar üzrə dinamikasını izlədikdə 21 fevral devalvasiyasından sonra əhalinin ən çox mart və aprel aylarında valyuta aldığını görmək olur. Həmin aylarda strateji valyuta ehtiyatları uyğun olaraq 1,532 və 1,084 milyard dollar azalıb. Sonrakı iki-üç ay ərzində isə valyuta ehtiyatlarında ciddi dəyişiklik olmayıb, əslində müəyyən qədər artım da müşahidə edilib.

Valyutaya tələb kəskin artımı yalnız avqust ayında müşahidə edilib ki, həmin ay ehtiyatlarda 1,186 milyard dollar azalma qeydə alınıb. Amma bu ajiotaj da keçib - noyabr ayında strateji ehtiyatlar 300 milyon dollar azalsa da, oktyabrda bu göstərici 180 milyon dollara düşüb. Yəni dinamika bütünlükdə ölkə iqtisadiyyatının gələcəyi baxımından əlverişli istiqamətə dəyişir. 

2015-ci ildə AMB-nin strateji valyuta ehtiyatlarının aylar üzrə artıb-azalması (milyon dollar)

Mənbə: Azərbaycan Mərkəzi Bankı

Ən sərfəli kredit üçün müraciət et

Lakin İqtisad Universitetinin professoru Zahid Məmmədov bu məsələdə arxayınlaşmamağı tövsiyyə edir. “Valyuta sabitliyi iqtisadi inkişafın əsas şərtidir. Bu o qədər ciddi məsələdir ki, hətta ölkə başçısı İlham Əliyev də işə qarışıb və bazarda ajiotaj yaradanların cəzalandırılacağını bildirib. Biz məsələyə köklü yanaşmalıyıq, idxalın strukturunu öyrənməyliyik və valyutaya tələb yaradan bəzi malların, məsələn lüks avtomobillərin, yaxtaların, bahalı siqar və konyakların ölkəyə gətirilməsini yüksək aksiz vergisi tətbiq etməklə azaltmalıyıq. Bu sahədə Türkiyə təcrübəsindən yararlanmaq olar”,- deyə Zahid Məmmədov ANS PRESS-ə bildirib. 

Hələ Tansu Çillərin baş nazir olduğu 1994-cü ildən başlayaraq Türkiyə hökuməti mütəmadi olaraq valyutaya olan tələbi öyrənir. Bunun üçün valyutaya tələbi olan şirkətlərdən və valyuta təklif edən şirkətlərdən hesabat tələb edilir. Həmin vaxt aparılan araşdırma nəticəsində məlum oldu ki, dollara tələbin 40%-ə qədəri lüks mallara görədir. Türkiyə hökuməti lüks malların idxalını azaltmaq üçün aksiz dərəcələrini yüksəltdi.

Zahid Məmmədov Azərbaycanda Valyuta Şurasının yaradılmasını təklif edir. Onun fikrincə, İqtisadiyyat və Sənaye Nazirliyi şirkətlər arasında sorğu aparmalıdır və müvafiq hesabatı Nazirlər Kabinetinə təqdim etməlidir. Hökumət bundan sonra idxalın tənzimlənməsi üçün müvafiq qərarlar verməlidir.

“Bu dəyişikliklər real sektorun dirçəldilməsinə xidmət eləməlidir. Real sektorla maliyyə sahəsi atla araba kimidir. Real sektor atdırsa, maliyyə arabadır. Yəni real sektor güclü olmalıdır ki, maliyyədə problem olmasın”, - deyə Zahid Məmmədov vurğulayır. 

Azərbaycan iqtisadiyyatının gələcək perspektivləri bu addımı qaçılmaz edəcək. Hələ ki, ölkə müəyyən qədər neft gəlirləri əldə edir. Buna görə də valyuta sahəsində ciddi problemlər yaşanmır. Təxminən 10 ildən sonra Azərbaycanın neft-qaz idxalından əldə edəcəyi valyuta gəlirləri dəfələrlə azalacaq və hökumətin valyuta mübadiləsini çək-çevir eləməkdən başqa yolu qalmayacaq. 

Ən sərfəli krediti almaq üçün müraciət et