2020-ci il Azərbaycanda avtomobil bazarı üçün olduqca ağır keçdi. Bəzi avtomobil dillerləri zərər çəkdi. Düzdü, daha çevik menecment siyasəti aparan bəzi şirkətlər bu zərərdən qurtula bildi. Bu gün Azərbaycanın avtomobil bazarında hansısa bir yenilik tətbiq etmək çox çətindir. Bunun üçün hüquqi baza, qanunvericilik yoxdur. Maşınların onlayn satışlarına nəzər salaq. Onlayn satışı həyata keçirmək üçün lazımi infrastruktur yoxdur. Baxmayaraq ki, bu məsələlər Azərbaycan Respublikasının "Yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı"nda öz əksini tapıb".
Bunu açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.
Mütəxəssis bildirib ki, dövlət proqramına əsasən, avtomobillər yalnız Dövlət Yol Polisi tərəfindən deyil, ölkəmizdə sertifikatlaşdırılmış rəsmi servislərdə də texniki baxışdan keçə bilər: "Bu texniki baxışdan keçə bilmədiyinə və texniki baxışla bağlı rəsmi elektron arayışlar olmadığına görə vətəndaşların onlayn şəkildə avtomobil almağı mümükün deyil. Bunun üçün mütləq qeyd olunan məsələ həll edilməlidir. Digər yenilikləri isə avtomobil dillerləri özləri fərdi qayda da bir şirkət və yaxud da rəsmi diller olaraq həyata keçirirlər. Bu yeniliklər də müştərilərə müxtəlif endirim kampaniyalarının təklifi, müştərilərinin avtomobil alqı-satqısı zamanı xidmətlərin göstərilməsidir".
Eldəniz Cəfərov bu il Azərbaycanda ən çox populyar olan nəqliyyat vasitələrindən də danışıb: "Hazırda koronavirus pandemiyasına baxmayaraq, bütün dünyada olduğu kimi Azərbaycanda da nəqliyyat vasitələrinə ehtiyac var. Ölkəmizdə son 2 il ərzində Crossover-lər daha çox populyarlıq qazandı. Eyni zamanda ekoloji cəhətdən təmiz olan maşınlara da maraq göstərilir. 2021-ci ildə də Crossover və ekoloji təmiz avtomobillər ili olacaq. Crossover-lərin mühərrik həcmi kiçik, lakin yolsuzluq avtomobili qədər təxmini keçmə qabiliyyətinə malikdir. Bu da Azərbaycan relyefinə uyğun olaraq vətəndaşların diqqətini cəlb edir. Ümumiyyətlə qarşıdakı 5 il ərzində ekoloji cəhətdən təmiz avtomobillərin, yəni hibrid və elektromobillərin sayı artacaq".
"Ümumilikdə Azərbaycanda avtomobil bazarının inkişafı üçün lazımi qərarlar dövlət qurumu tərəfindən verilməlidir. Çünki özəl şirkətlər bu səlahiyyətə malik deyil. Dövlət qurumları dedikdə ilk növbədə Dövlət Gömrük Komitəsi, Vergilər və İqtisadiyyat nazirliyi, eyni zamanda, burada Dövlət Yol Polisinin təklifləri nəzərə alınmalıdır. Bu qurumların birgə fəaliyyəti nəticəsində Azərbaycan avtomobil bazarında inkişafa nail olmaq olar. Qeyd etmək lazımdır ki, ölkəmizə gətirilən yeni ekoloji cəhətdən təmiz avtomobillərinin rüsumları azaldılmalıdır. Eyni zamanda, Azərbaycana gətirilən və ekoloji cəhətdən təmiz olan maşınların mühərrik həcminə görə alınan aksiz vergisi ləğv edilməlidir. Hər il keçirilən avtomobillərin texniki baxışı yalnız Dövlət Yol Polisi deyil, sertifikatlaşdırılmış rəsmi servislərdə də həyata keçirilməlidir. Azərbaycanda avtomobil kreditlərin şərtləri sadələşdirilməlidir. Bu gün kredit şərtləri olduqca ağırdır, vətəndaşlar yeni avtomobil almaqda çətinlik çəkirlər. Bu məsələlər kompleks şəkildə həll edilməlidir. Bununla bağlı ölkə prezidentinin ötən il imzaladığı konkret dövlət proqramı var və sadəcə bu dövlət proqramına əsaslanaraq bunları həyata keçirmək lazımdır. Təəssüf ki, bu gün həmin dövlət proqramı tam olaraq həyata keçirilmir. Yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi müxtəlif fəaliyyətlərinin şahidi olduq. Nazirlik ekoloji cəhətdən təmiz avtomobillərin istismarı ilə bağlı müxtəlif tədbirlər və təbliğatlar həyata keçirdi. Bu tədbirə qeyd etdiyim qurumlar da qoşulmalıdı. Mütləq şəkildə Azərbaycanda avtomobil parkının yenilənməsi, maşın bazarının inkişafı üçün konkret addımlar atılmalıdır", - deyə mütəxəssis əlavə edib.
ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!