İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” İşçi qrupunun hibrid formatda ilk iclası keçirilib. İşçi qrup Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təşəbbüsü ilə yaradılıb.
İclasda Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, İşçi qrupun rəhbərliyi, İqtisadiyyat, Maliyyə və Ədliyyə nazirlikləri, Bakı Apellyasiya Məhkəməsi və digər dövlət orqanlarının (qurumlarının) məsul şəxsləri, universitetlərin, hüquq şirkətlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də vəkillər və mülki hüquq sahəsinin ekspertləri iştirak ediblər.
İclası giriş sözü ilə açan Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev bildirib ki, ölkəmizdə iqtisadi sahədə münasibətləri, o cümlədən biznes fəaliyyətini tənzimləyən başlıca və ən əsas qanunvericilik aktı olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi ölkədə biznes mühitinin və bir sıra beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılmasına mühüm töhfələr verəcək.
Daha sonra iclasa rəhbərlik edən İşçi qrupun rəhbəri, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov Azərbaycan Respublikası Mülki Məcəlləsinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsinin ölkəmizdə biznes və investisiya mühitinin əlverişliliyinin artırılması və bu sahədə mütərəqqi tənzimləmənin təmin edilməsi istiqamətində atılan mühüm addımlardan olduğunu vurğulayıb.
"İclasın gedişatında iştirakçılar tərəfindən işçi qrupun 2024-cü il üzrə fəaliyyət planı müzakirə edilib və həmin ildə ilkin olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi üzrə konsepsiya sənədinin hazırlanması razılaşdırılıb".
Bizi sosial şəbəkələrdən izləyin!!