Ölkəmizdə maliyyə və idarəetmə sahəsində dayanıqlı inkişafa nail olmaq məqsədilə 2009-cu ildən təsis edilmiş Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) öz missiyasını uğurla yerinə yetirmək üçün həm yerli, həm də beynəlxalq səviyyədə müxtəlif istiqamətlər üzrə fəaliyyətini davam etdirir. Əsasən maliyyə, mühasibatlıq, risk və sığorta sahəsində öz sözünü demiş ARPA, həmçinin bu sektorun inkişafı məqsədilə müxtəlif tədbir, forum və layihələr də həyata keçirir.
12 ildən artıq peşəkar təcrübəyə sahib olan ARPA maliyyə və idarəetmə sahəsində müvafiq normativ-hüquqi aktların təkmilləşdirilməsində aktiv rol oynayır. Bundan əlavə, ölkə üçün peşəkar kadrların formalaşdırılması məqsədilə maliyyə və mühasibatlıq sahəsində həm beynəlxalq, həm də milli sertifikasiya proqramları təşkil edir. ARPA ACCA-in “Financial Accounting”, “Financial Reporting”, “DipIFR” sertifikasiya imtahanlarına, o cümlədən CFA İnstitutunun beynəlxalq sertifikasiya imtahanlarına, həmçinin “Peşəkar Mühasib Sertifikatı”, “Vergi Uçotu” kimi milli sertifikasiya proqramlarına hazırlaşmaq istəyən şəxslər üçün təlimlər təşkil edir. Peşəkar kadrların yetişdirilməsindən əlavə, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası 2016-cı ildən başlayaraq ölkəmizdə müxtəlif sektorlarda çalışan mühasiblərin görüşdüyü, təcrübə mübadiləsi və sahəvi mövzuların müzakirəsi məqsədilə “Azərbaycan Mühasiblər Forumu”nu təşkil edir.
ARPA-nın fəaliyyət istiqamətlərindən biri də risk menecmenti sahəsində peşəkarların hazırlanmasından və ölkədə bu sahənin inkişafına töhfə vermək məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu məqsədlə “Praktiki Risk Menecment” təlimləri təşkil edilmiş, maliyyə sektorunda risk menecmenti istiqaməti üzrə özünü inkişaf etdirmək istəyən şəxslərə şərait yaradılmışdır. 120 saatdan ibarət təlimlər müxtəlif bank və sığorta təşkilatlarında risk menecmenti sahəsində peşəkar təcrübəyə malik təlimçilər tərəfindən tədris edilir. “Praktiki Risk Menecment” təlimlərindən əlavə, bu sahənin inkişafı məqsədilə ARPA ölkəmizdə ilk dəfə olaraq 2014-cü ildən etibarən “Risk Forumu”nu həyata keçirir. Forum müxtəlif sektorlarda çalışan yüksək səviyyəli idarəçilərin təcrübə mübadiləsinə, günümüzün prioritet mövzularının müzakirə edilməsinə və problemlərin həllinə müxtəlif istiqamətlərdən yanaşılmasına imkan yaradır.
Sığorta sahəsinin inkişafı istiqamətində də müxtəlif təlim və tədbirlər həyata keçirən ARPA bu istiqamətdə beynəlxalq tərəfdaşlar cəlb etmiş, ölkəmizdə peşəkar sığortaçıların yetişdirilməsində xüsusi rol oynamışdır. Belə ki, ARPA Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi ilə sığortaçılar üçün ölkəmizdə ilk dəfə Azərbaycan dilində Peşəkar Sığortaçı Sertifikasiyası (PSS) proqramını təşkil etmişdir. PSS-in tədris proqramı sığorta sahəsində dünyada tanınmış CII (The Chartered Insurance Institute) sertifikasiya proqramının tədris materialları (CII-ın rəsmi razılığı ilə) əsasında hazırlanmışdır. Bundan əlavə, sığorta sahəsində ən yaxşı təcrübəyə əsaslanaraq gündəmdə duran məsələlərin müzakirəsi və sığorta sahəsinin mütəxəssisləri üçün vahid platfomanın yaradılması, yeniliklərin müzakirəsi və perspektivlərin araşdırılması məqsədilə Sığorta Komitəsi təsis edilmişdir.
Sığorta Komitəsi ilə yanaşı, müvafiq sahədə eyni məqsədlərlə bağlı ARPA tərəfindən 2015-ci ildə Risk Komitəsi və 2018-ci ildə Mühasibat Uçotu Komitəsi yaradılmışdır.
Bizi sosial şəbəkələrdən izləyin!!