Azərbaycan Beynəlxalq Bankı ölkənin ən yaxşı bankı elan edilib | Banco.az

Azərbaycan Beynəlxalq Bankı ölkənin ən yaxşı bankı elan edilib

Azərbaycan Beynəlxalq Bankı (ABB) "Global Finance" jurnalı tərəfindən ölkənin ən yaxşı bankı adına layiq görülüb.

Bankdan verilən məlumata görə, qaliblər "Global Finance" jurnalının redaksiya üzvlərindən ibarət komissiya tərəfindən seçilib. Seçimlərdə beynəlxalq şirkətlərin və korporasiyaların ali rəhbərliyi də iştirak edib.

Qaliblərin müəyyən olunması zamanı maliyyə və iqtisadi göstəricilər əsas götürülüb. Onların sırasına aktivlərin artım həcmi, gəlirlilik, stratareji inkişaf, müştərilərə xidmət göstərilməsi, rəqabət üstünlükləri və innovasiya məhsulları kimi göstəricilər aid edilib. 2013-cü ilin yekunlarına əsasən, ABB-nın göstəriciləri əvvəlki illərdə qeydə alınan göstəriciləri əhəmiyyətli dərəcədə üstələyir. Belə ki, bank aktivləri 2013-cü il ərzində 21.7% artıb və 2014-cü ilin 1 yanvar tarixinə olan məlumatlara əsasən aktivlərin həcmi 7.172 milyard manat təşkil edib. Bankın kredit portfeli isə 2013-cü ilin əvvəlləri ilə müqayisədə 30.5% artaraq 5.033 milyard manat təşkil edib. 2013-cü ilin nəticələrinə görə, əhalinin banka qoyduğu əmanətlərin həcmi 22.2% artmaqla 1.613 milyard manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

"Global Fnance" jurnalı 1987-ci ildən eibarən nəşr olunmağa başlamışdır. Dünyanın 163 ölkəsində oxunan jurnalın tirajı 50 min nüsxədən çoxdur. Jurnalın baş ofisi Vaşinqtonda yerləşir. Bununla yanaşı, London, Rio-de-Janeyro və Milan kimi şəhərlərdə də jurnalın ofisləri fəaliyyət göstərir.

1992-ci ildə yaradılmış ABB Azərbaycanın ən böyük banklarından biridir. Hal-hazırda sözügedən bankda kapital payının 50.2%-i dövlətə, 49.8%-i isə özəl səhmdarlara məxsusdur.

Sevinc İbadova/Banco.az