Avtomobil bazarında vəziyyət dəyişib: ekspertlər nə düşünür? | Banco.az

Avtomobil bazarında vəziyyət dəyişib: ekspertlər nə düşünür?

"Fevral ayında avtomobil kreditlərinin verilməsi dayandırıldı, iki aydan sonra isə yenidən bərpa olundu. Lakin avtomobil kreditlərinin verilməsi bərpa olunduqdan sonra tələblər nəzərəçarpacaq dərəcədə sərtləşdirildi. Belə ki, əgər əvvəllər ilkin ödəniş avtomobilin dəyərinin 15-20%-ni təşkil edir, bəzi hallarda isə tamamilə ləğv olunurdusa, dəyişikliklərdən sonra ilkin ödənişin məbləği əhəmiyyətli dərəcədə artırıldı. Bundan əlavə, diferensasiya tətbiq edildi və avtomobillər köhnə və yeni olmaqla, iki kateqoriya üzrə təsnifatlaşdırıldı. Yeni avtomobillər üçün kredit şərtləri çox sadə olsa da, köhnə avtomobillər üçün bu şərtlər daha da ağırlaşdırıldı". Bu fikirləri "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin eksperti Samir Əliyev məsələ ilə bağlı açıqlamasında səsləndirib.

"Beləliklə, hazırda yeni avtomobillər üzrə ilkin ödəniş 40-50%, köhnə avtomobillər üzrə isə 80% təşkil edir. İlkin ödənişin 80% olduğu bir dövrdə, avtokredit əldə etmək məqsədilə banka müraciət etmək köhnə avtomobil alıcısı üçün sərfəli deyil.

Sözügedən dəyişikliklər nəinki potensial müştərilər, həmçinin avtokreditlərin verilməsi üzrə ixtisaslaşan banklar üçün də böyük zərbə oldu. Dəyişikliklər ölkənin avtomobil bazarına da öz mənfi təsirini göstərdi. Belə ki, sözügedən dəyişikliklərin tətbiqindən sonra satışların həcmində azalma müşahidə olundu. Bəzi banklar isə belə bir vəziyyətdə kreditə alternativ olaraq, avtomobil lizinqindən istifadə etməyə başladılar. Lizinq zamanı ilkin ödəniş daha əvvəl avtokreditdə olduğu kimi 20% təşkil edir. Bu alternativ addım müəyyən müddətlik də olsa, vəziyyəti stabilləşdirməyə kömək etdi", deyə ekspert qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Samir Əliyev onu da vurğulayıb ki, hazırda avtomobil kreditlərinin həcmi xeyli azalıb. "Müşahidələr göstərir ki, köhnə maşın alan zaman avtokreditə üz tutmaq ölkə vətəndaşları üçün artıq sərfəli deyil. Üstəlik, dövlət avro standartlara cavab verməyən avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyub. Bütün bunlarla yanaşı, bazarda qiymət bahalaşması müşahidə edilir".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov da bu məsələyə münasibət bildirib və qeyd edib ki, Azərbaycanın avtomobil bazarında nəinki satışların həcmində, eyni zamanda avtomobil idxalında da ciddi azalma qeydə alınıb. "Bazarda müşahidə olunan bu dəyişikliklərin əsas səbəbi avtomobil kreditləri ilə bağlı qaydalara düzəlişlər edilməsidir. Sözügedən kreditin əldə olunması ilə bağlı şərtlərin sərtləşdirilməsi avtomobil bazarında alıcıların fəallığının azalmasına səbəb olub. 2013-cü ilin statistik nəticələri göstərir ki, Azərbaycanda alınan avtomobillərin 80%-ni məhz kredit vasitəsilə əldə olunan avtomobillər təşkil edir. Ona görə də, bu faktı nəzərə alaraq, deyə bilərik ki, satışların azalması məhz avtokreditin verilməsi şərtlərinin ağırlaşdırılması ilə bağlıdır. 2014-cü ilin ilk 3 ayı ərzində satışların həcmində 15% həddində azalma qeydə alınıb. Satışların həcminin azalması avtomobil idxalının azalması ilə də müəyyən dərəcədə əlaqəlidir. Ümumilikdə, 2014-cü ildə avtomobil idxalının 10% azalacağı gözlənilir. Bu tendensiyanın sonrakı illərdə də davam edəcəyi güman edilir".

Sevinc İbadova/Banco.az