Avtomobil alarkən nələrə diqqət edilməlidir? | Banco.az

Avtomobil alarkən nələrə diqqət edilməlidir?

Dövrün problemlərini, maddi tələbatı nəzərə alsaq, insanlar atdıqları hər addımda maksimum sərfəli variantlardan istifadə etməyə çalışırlar. Bu tendensiya avtomobil bazarında da müşahidə edilir.

Maraqlıdır, alıcı avtomobil alarkən israfa yol verməmək, amma həm də uduzmamaq üçün hansı məqamlara diqqət etməlidir?

Mövzu ilə bağlı danışan avtomobil üzrə ekspert Şahin Göyləroğlu bildirib ki, qənaətcil, sərfəli avtomobil çoxlarının arzusu olsa da, bu anlayışlar hər ölkədə fərqli yozulur: "Dünyanın müxtəlif yerlərində fərqli avtomobil istehsalçıları, standartlar, istifadə şərtləri sərfəlilik fikrini rəngarəng edir. Amma ümumiləşdirsək, alıcını narahat edən əsas məsələ ehtiyat hissələrinin ucuz olması və asanlıqla tapılmasıdır. Bu, nisbidir. Əvvəl Sovet istehsalı avtomobil sürmüsünüz, indi isə xarici maşın almaq istəyirsinizsə, bu, müqayisədə çox bahadır. Amma həmin ilin digər avtomobilləri ilə müqayisə edəndə çox ucuz ola bilər. Eyni şirkətin 2010-cu ildə istehsal etdiyi avtomobilin hissələrinin qiyməti 2000-ci il istehsalı ilə müqayisədə daha çoxdur. Çünki o yenidir. Ən optimal yol almaq istədiyiniz avtomobilin rəsmi mağazasına yaxınlaşıb, ehtiyat hissələri barədə soruşmaqdır. Beləcə, alıcı modelin onun üçün sərfəli olub-olmadığını biləcək. Ehtiyat hissələrinin tapılması məsələsi isə 1990-cı illərdə aktual idi, bu gün ən xüsusi avtomobillərin hissələrini belə onlayn rejimdə, serviz tərəfindən 1 həftə - 15 gün ərzində tapmaq mümkündür. Kütləvi istehsal olunan avtomobillərin ehtiyat hissələri isə demək olar tapılır".

Ekspertin fikrincə, ikinci məqam modelin nə qədər yanacaq sərf etməsidir: "Bu, sürücüdən asılıdır. Bəzən sürücü elə kobud səhv edir ki... Kimsə gündə 35 km yol sürürsə, yanacaq sərfiyyatı yüksək olmayacaq. Belə şəxs üçün əsas məsələ yanacaq deyil, avtomobilin sağlam olmasıdır. Bəzən gündə 20 km yol gedən şəxs sırf yanacağa qənaət etmək üçün dizel alır, texniki vəziyyəti pis olur. Sonradan sürmədiyi kilometrlərin əvəzində ödəniş etməyə başlayır, xeyli ziyana düşür. Sürücü gün ərzində çox yol gedirsə, dizel, qaz, yaxud hibrid ala bilər. Az sürürsə, benzin onun üçün ən sərfəlidir. Digər məsələ avtomobilin dözümlü olmasıdır. Azərbaycanlılar istəyirlər ki, avtomobilə heç nə etməsələr də, işləsin. Düzgün qulluq edilsə, müasir avtomobillərin əksəriyyəti milyon metrə qədər məsafə qət edə bilir. Milyon metr o deməkdir ki, ildə 25 kilometr sürən insan bu modeli 40 il istifadə edə bilər. Təbii, xüsusi kommersiya məqsədli yük daşınması və digərləri istisna olmaqla, bunu heç kim etmir. Avtomobil 40 il xarab olmasa da, mənəvi qocalır. Çünki hər il avtomobillərin müasirləşdiyini görürük. Düzgün  qulluq olunsa, texniki nasazlıqlar vaxtında aradan qaldırılsa, avtomobil sərfəli olar".

Ən sərfəli kredit üçün müraciət et

Ş.Göyləroğlu vurğulayıb ki, hazırda Azərbaycana idxal olunan avtomobillərin əksəriyyətinin qiyməti 15-25 min manat civarındadır: "Əhali sərfəli anlayışını avtomobili ucuz almaq və ətrafdakıların çox istifadə etdiyi modelə üstünlük verməkdə görür. Məsələn, 2017-2018-ci illərdə Renault Megane avtomobilinin çox sərfəli olduğunu düşünürdülər. Onun idxalı 5 minə qədər gəlib çıxdı. Bu, Azərbaycan üçün böyük rəqəmdir. Sonradan başa düşdülər ki, onların sərfəli avtomobili bu deyil və bir müddət sonra modelin kütləvi təkrar satışı yarandı. Toyota+, Ford da eyni taleyi yaşadı. Sərfəli avtomobil hər kəsin sürdüyü model demək deyil. Sərfəli həm də şəxsi büdcəyə uyğun, vaxtı-vaxtında texniki qulluq görən avtomobildir. Alıcı bunları nəzərə almaqla rahatlıqla seçim edə bilər. O, ehtiyat hissə, yanacaq, texniki vəziyyəti nəzərdən keçirməli, sonradan öz şərtlərinə ən uyğun avtomobili seçməlidir".

Ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et