Neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsait köçürmək imkanı yaradılacaq.
Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsaitin köçürülə bilməsi 2027-ci il yanvarın 1-dən 4 il müddətinə qüvvədə olacaq və onun şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qanun layihəsi vergi ödəyicilərinin ƏDV depozit hesablarında olan vəsaitlərdən istifadə imkanlarının artırılmasına, sosial öhdəliklərin icrası üçün isə əlavə maliyyə mənbələrinin yaradılmasına, son nəticədə qeyri neft-qaz özəl sektorda fəaliyyət göstərən vergi ödəyicilərinin dəstəklənməsinə xidmət edəcək.
