Avans ödənişi zamanı ƏDV məbləği ödənilməzsə, cərimə tətbiq edilirmi? | Banco.az

Avans ödənişi zamanı ƏDV məbləği ödənilməzsə, cərimə tətbiq edilirmi?

Bir çox mühasibləri maraqlandıran suallardan biri – qabaqcadan avans olaraq banka daxil olmuş ƏDV-siz məbləğin ƏDV öhdəliyini yaradıb-yaratmamasıdır. Digər bir sual isə avans ödənişi zamanı ƏDV məbləği ödənilmədikdə, cərimənin tətbiq olunub-olunmaması ilə bağlıdır. Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev misallarla şərh edib.

“MM” şirkəti 30.04.2021-ci il tarixdə 10.000 AZN dəyərində məbləği mal alışı üçün qabaqcadan “RR” MMC-nin bank hesabına avans olaraq ödəyir. Ancaq “MM” şirkəti əsas məbləğlə yanaşı ƏDV-ni (10000*18%=1800 AZN) “RR” MMC-nin Depozit hesabına ödəmir. “RR” MMC tərəfindən malların “MM” şirkətinə təhvil verilməsi 30.10.2021-ci ildə nəzərdə tutulub. Sual meydana çıxır: Bu halda “MM” şirkətini maliyyə sanksiyası gözləyirmi və ƏDV-siz daxil olmuş məbləğə görə “RR”MMC-nin ƏDV öhdəliyi yaranırmı?

Öncəliklə onu deyim ki, malların (iş və ya xidmətlərin) dəyəri malların təqdim edildiyi vaxtadək ödənildiyi halda malların (iş və xidmətlərin) təqdim edilməsinədək ƏDV məbləğinin əsas məbləğdən gec ödənilməsinə görə maliyyə sanksiyası nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Buna əsasən, alınmış avansa görə vergi ödəyicisi tərəfindən mallar (iş və xidmətlər) təqdim edildikdən sonra həmin malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Yuxarıda qeyd olunan nümunə üzərindən yanaşsaq, “MM” şirkəti tərəfindən qabaqcadan avans olaraq ödənilən ƏDV-siz məbləğə görə maliyyə sanksiyası yaranmayacaqdır. Ancaq malların təqdim edildiyi gün ƏDV məbləğini ödəmədiyi halda artıq “MM” şirkətinə Vergi Məcəlləsinin 58.6 maddəsinə əsasən ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Qabaqcadan avans olaraq banka daxil olmuş ƏDV-siz məbləğin ƏDV öhdəliyini yaradıb-yaratmaması məsələsinə gəlincə isə, bir cox vergi ödəyicisi və mühasiblər qabaqcadan avans olaraq banka daxil olmuş ƏDV-siz məbləğin ƏDV öhdəliyini yaratdığını düşünürlər. Səbəb olaraq da Vergi Məcəlləsinin 166.6-cı maddəsini istinad gətirirlər. Vergi Məcəlləsində hər bir fəslin qanunvericilik üzrə öz tələbi var. Avans məsələsinə keçmədən öncə Vergi Məcəlləsində Əlavə Dəyər Vergisi fəslinin bəzi maddələrinin anlayışlarına nəzər yetirək. Vergi Məcəlləsinin 153-cü və 159-cu maddələri ona istinad edir ki, ƏDV öhdəliyinin yaranması üçün malların və ya idxalın təqdim edilməsi əsas şərtdir. Vergi Məcəlləsinin 166-cı maddəsi ƏDV məqsədləri üçün vergitutma əməliyyatın vaxtını müəyyənləşdirir. Məcəllənin 166.7-ci maddəsinin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Məcəllənin 166.6-cı maddəsinə ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Bu maddədə ödəmə dedikdə yalnız ƏDV məbləğindən bəhs edilir. Bu halda Vergi Məcəlləsinin 153-cü və 159-cu maddələrinin müddəaları yerinə yetirilmədiyindən Vergi Məcəlləsinin 166.7-ci maddəsinin Məcəllənin 166.6-cı maddəsindən heç bir aslılığı yoxdur. Məcəllənin 166.7-ci maddəsi o vaxt hüquqi qüvvəyə malik olur ki, təqdim edilmiş malın ƏDV-siz dəyəri ödənilsin. Bu zaman ƏDV öhdəliyi yaranır. Vergi Məcəlləsinin 166.7-ci maddəsini məcəllənin 166.6-cı maddəsi ilə o zaman əlaqələndirmək olar ki, təqdim edilmiş malların (işlərin, xidmətlərin) yox, təqdim edilməli olan malların, xidmətlərin dəyəri ödənilmiş sayılsın. Burdan aydın olur ki, Vergi Məcəlləsinin 166.6-cı maddəsinə əsasən ƏDV nəzərə alınmadan, mal və xidmət təqdim edilmədən qabaqcadan avans olaraq ƏDV-siz məbləğ (ƏDV ödənilmədən) ödənilərsə, həmin məbləğ ƏDV məqsədləri üçün vergitutma obyekti sayıla bilməz.

Ən sərfəli kredit üçün müraciət et

Yuxarıda qeyd olunan nümunə üzərindən yanaşsaq, Vergi Məcəlləsinin 166.6-cı maddəsinə əsasən, “RR” MMC-nin bank hesabına qabaqcadan avans olaraq 10.000 AZN və depozit hesabına 1800 manat ƏDV məbləği daxil olsa idi, bu zaman “RR” MMC-nin 1800 manat ƏDV öhdəliyi yaranacaqdı.

Əgər təqdim edilməli mallara və ya xidmətlərə görə ƏDV nəzərə alınmadan “RR”MMC-nin bank hesabına qabaqcadan avans olaraq 10.000 AZN (ƏDV məbləği ödənilmir) daxil olsa, o zaman mal və xidmət təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 153-cü , 159-cu , 166.7-cı maddələrinə uyğun olaraq ƏDV öhdəliyi yaranmır və ƏDV nəzərə alınmadan (ƏDV ödənilmədən) avans olaraq banka ödənilmiş məbləğ ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların vaxtı sayılmır.

vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et