Apple münasib qiymətə yeni iPhone ilə Android bazarına rəqib ola bilər | Banco.az

Apple münasib qiymətə yeni iPhone ilə Android bazarına rəqib ola bilər

Tamara Mustafayeva, Banco.az

Doğruluğu hələ ki, təsdiqlənməmiş bir məlumata görə, Apple firması qiyməti 300 dollardan baha olmayacaq yeni iPhone modeli buraxmağa hazırlaşır.

Mobil telefonlar hər il milyonlarla insan tərəfindən satın alınır və hazırda smartfon istehsalçıları arasında böyük bir rəqabət hökm sürür. ABŞ-ın texnologiya nəhəngi Apple firması da smartfon bazarının aparıcı istehsalçılarından biridir. Bununla yanaşı, Samsung, Huawei, Xiaomi, Oppo kimi markalar da son dövrlərdə yüksəlişə keçiblər. Araşdırmalar istifadəçilərin smartfon seçiminə təsir göstərən başlıca amilin məhsulun qiyməti olduğunu göstərir. 

Odur ki, əksər şirkətlər başlanğıc və orta səviyyəli mobil telefon modellərini münasib qiymətlə satışa çıxararaq bazar payını artırmağa çalışırlar. Apple firmasının isə adətən yüksək səviyyəli iPhone modelləri ilə tanındığı hər kəsə məlumdur. Bununla belə, şirkət ötən illərdə iPhone XR və iPhone 11 kimi münasib qiymətə təklif etdiyi mobil telefonları da satışa çıxarmışdı.

Qeyd edək ki, həmin dövrdə sözügedən bu telefonlar Apple firmasının ən çox satılan smartfonlarına çevrilmişdi. Şirkət bir müddət əvvəl də münasib qiymətə digər bir smartfon olan iPhone SE modelinin tanıtımını həyata keçirmişdi. Sözügedən modelin başlanğıc qiyməti 399 dollardır. İndi isə şirkətin daha ucuz başqa bir iPhone modeli buraxmağa hazırlaşdığı söylənilir.

Daha əvvəl də vurğuladığımız kimi, münasib qiymətə satılan smartfonlar alıcılar tərəfindən daha çox rəğbət görür. Odur ki, bu baxımdan Apple firması Android telefonları ilə rəqabətdə çətinlik çəkir. 

Ən sərfəli kredit üçün müraciət et

Samsung və Huawei kimi şirkətlərin Apple firmasından daha çox smartfon satışı həyata keçirməsinin başlıca səbəbi başlanğıc və orta səviyyəli telefonların daha çox alıcısının olmasıdır. Xatırladaq ki, bu yaxınlarda Samsung firmasının orta səviyyə üçün nəzərdə tutduğu Galaxy A51 modeli 2020-ci ildə bazara ən yüksək satış göstəricisi ilə giriş edən Android modeli olmuşdu. 

Yaxın günlərdə Apple firmasının üzərində çalışdığı sözügedən iPhone modeli haqqında yeni məlumatların mətbuata açıqlanacağını düşünürük.

Həmçinin oxu: Ən çox satan smartfon istehsalçıları məlum oldu

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et