Azərbaycan Mərkəzi Bankı (AMB) səhmdar cəmiyyətlərinin səhmdarlara dividend ödənilməsi ilə bağlı daxil olmuş müraciətləri araşdırıır.
“Dividend ödənilməsi ilə bağlı Mərkəzi Banka daxil olmuş müraciətlərə tərəfimizdən baxılır. AMB, kiçik və yaxud böyük olmasına baxmayaraq, investorlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlayır. Bununla bağlı tərəfimizdən araşdırmalar aparılır, araşdırmalar zamanı səhmdar cəmiyyətlərinin səhmdarlara dividend ödənilməsi ilə bağlı qərar qəbul etdiyi müəyyən olunduğu, lakin həmin dividend ödənilmədiyi təqdirdə tərəfimizdən səhmdar cəmiyyətinə icrası məcburi göstəriş göndərilir”, -cavabda deyilir.
Bildirilib ki, əgər cəmiyyət tərəfindən verilən göstərişləriə əməl olunmadıqda səhmdar cəmiyyətləri barəsində Mərkəzi Bank tərəfindən Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti mövcuddur.
“Buna baxmayaraq ümumi yığıncaqda səhmdarlara dividendin ödənilməsi barədə qərar qəbul edilib lakin ödənilməyən hallarla bağlı şikayət az daxil olub. Əksər hallarda araşdırma zamanı müəyyən olunur ki, ümumi yığıncaqda dividendin ödənilməsi barədə qərar qəbul edilmir.
Mövcud qanunvericiliyə müvafiq olaraq səhmdarların ümumi yığıncağında səsvermə "bir səsli səhm-bir səsdir" prinsipi əsasında həyata keçirilir.
Adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. Əgər səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalının miqdarından azdırsa və ya dividendlərin ödənilməsi nəticəsində az olacaqsa, səhmdar cəmiyyəti dividendləri elan edə və ödəyə bilməz”, - AMB qeyd edir.
Bildirilir ki, xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir:
"Səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 gün müddətində icra edilir. Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin Direktorlar Şurasının (Müşahidə Şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Qeyd etmək istərdik ki, Mülki Məcəllənin 107-5.4-cü maddəsinin tələbinə əsasən səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər".
AMB vurğulayır ki, maliyyə xidmətləri istehlakçılarının və investorların Mərkəzi Banka müraciətlərini ünvanlaması üçün lazımi şərait yaradılıb:
“Belə ki, vətəndaşlar yazılı, şifahi və onlayn müraciətlərini yaradılmış imkanlardan istifadə edərək Mərkəzi Banka göndərə bilərlər. Bütün investorlar hüquqlarının qanunvericiliyə uyğun qorunmasının təmin edilməsi üçün Mərkəzi Banka şəxsən və ya qanuni nümayəndə vasitəsilə fərdi, həmçinin kollektiv formada müraciət edə bilərlər. Vətəndaşların telefon vasitəsilə edilən müraciətlərinin operativ cavablandırılması üçün “966” qaynar xətti təsis edilib. Eyni zamanda Mərkəzi Bank tərəfindən vətəndaşların yerində, onlayn və səyyar qəbulları da həyata keçirilməkdədir. Belə ki, vətəndaşlar Mərkəzi Bankın Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasına, eyni zamanda bölgələrdə yaşayan vətəndaşların nəzarət subyektləri ilə bağlı müraciətlərinin yerində araşdırılması üçün Gəncə, Yevlax, Quba, Biləsuvar və Sumqayıt şəhərlərində yaradılmış qəbul otaqlarına gəlməklə yerində qəbulda və “Skype” proqramı vasitəsilə videoqəbulda iştirak edə bilərlər. Əvvəlcədən yerində qəbulda iştirak edilməsi üçün onlayn növbənin əldə edilməsini təmin etmək məqsədilə “randevu.e-cbar.az” saytı istifadəyə verilib. Həmçinin qəbulun təşkilinin səmərəliliyinin və vətəndaş məmnuniyyətinin ölçülməsi üçün də elektron qaydada və anket sorğularından istifadə edilməklə şərait yaradılıb”.
report
Bizi sosial şəbəkələrdən izləyin!!