2024-cü ilin sonuna BOKT-lərin öhdəliklərinin 155 mln. manatı bank kreditləri vasitəsilə maliyyələşdirilib ki, bu da cəmi öhdəliklərin 48%- ni təşkil edib. Bank kreditlərinin həcmi 2024-cü ilin sonuna ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% (18.4 mln manat) artıb.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bank kreditləri bütünlüklə rezident banklardan cəlb edilib. Habelə, banklar tərəfindən ayrılmış kreditlərin 8.1 mln. manatı xarici valyutada olub.
Qeyd edilib ki, BOKT-ların milli valyutada cəlb edilmiş bank kreditləri üzrə orta çəkili faiz dərəcəsi 11.5%, habelə qiymətli kağızlar üzrə analoji göstərici rezident və qeyri- rezidentlər üzrə müvafiq olaraq 15% və 13% olmuşdur ki, bu da bankların maliyyələşmə xərclərinə nəzərən daha yüksəkdir.
Məlumata görə, mikromaliyyə sektorunun digər əsas maliyyələşmə mənbələrindən biri kapital bazarı vasitəsilə maliyyələşmədir. Belə ki, 2024-cü ilin sonuna istiqraz emissiyası vasitəsilə maliyyələşmə üzrə qalıq məbləğ 61.2 mln. manat təşkil etmişdir ki, bu da BOKT-lərin cəmi öhdəliklərinin 19%-ni təşkil edib
BOKT-lərin istiqraz vasitəsilə maliyyələşmə xərcləri yüksəkdir və milli valyutada orta çəkili faiz dərəcəsi 15% ətrafındadır BOKT-lərin istiqraz vasitəsilə maliyyələşmə xərclərinin yüksək olması əsasən onların risk profilindən qaynaqlanır.
Xarici mənbələrdən maliyyələşmə. Xarici mənbələrdən maliyyələşmə imkanları məhduddur. Belə ki, qeyri-rezidentlərdən cəlb edilmiş vəsaitlərin cəmi öhdəliklərə nisbəti 2024-cü ilin sonuna 27.5% olub. Qeyri-rezidentlərdən cəlb edilmiş vəsaitlər əsasən xarici valyutadadır. Belə ki, 2024-cü ilin sonuna qeyri-rezidentlərdən cəlb edilmiş vəsaitlərin 42.2%-i xarici valyutada olub.