Müəllif: Tamara Mustafayeva, Banco.az
"Deutsche Bank" Türkiyə iqtisadiyyatı üçün dezinflyasiya proqnozu verib.
Banco.az xəbər verir ki, "Deutsche Bank"ın Yaxın Şərq və Şərqi Avropa Araşdırmalar Meneceri Hans-Kristian Vietoska Türkiyədə inflyasiyanın ilin sonuna qədər 40 faizə düşəcəyini gözlədiklərini açıqlayıb.
Vietoska Türkiyənin makroiqtisadi siyasətlərindəki dəyişiklik, inflyasiya və faiz gözləntiləri, investorların Türkiyəyə baxışı ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Türkiyənin ötən ildən makroiqtisadi siyasətlərdə dəyişikliyə başlayaraq çox yaxşı bir addım atdığını deyən Vietoska bu dəyişikliyin yerli seçkilərdə də davam etdirilməsinin vacib olduğunu dilə gətirib.
Onun sözlərinə görə, Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) yerli seçkilərdən əvvəl uçot dərəcəsini 500 baza bəndi artırması “güclü bir mesaj və oyun dəyişdirici” addım idi.
Vietoska son aylarda Türkiyə ilə bağlı fikirlərin kifayət qədər müsbət olduğunu, xalis ehtiyatların 10 milyard dolları keçdiyini, beynəlxalq ehtiyatların isə 150 milyard dollar səviyyəsinə yaxınlaşdığını xatırladıb.
O, ölkədə artımın yavaşladığı və inflyasiyanın azaldığı bir vaxtda faiz dərəcələrini azaltmağın doğru zaman olduğunu bildirib. "Bu ilin noyabr və dekabr aylarında 500 baza bənd faiz endirimi gözləyirik. Bu, bizim əsas senarimizdir və azalma gələn ilin əvvəlində də davam edəcək", Vietoska deyib.
Xatırladaq ki, "Deutsche Bank" iqtisadçıları Türkiyə iqtisadiyyatının bu il 3,5 faiz artacağını gözləyirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!