"Alfa Sığorta"nın portfeli başqa sığorta şirkətinə ötürülə bilər | Banco.az

"Alfa Sığorta"nın portfeli başqa sığorta şirkətinə ötürülə bilər

 Ləğvetmə prosesində olan "Alfa Sığorta" ASC-nin aktivləri, o cümlədən öhdəlikləri, bağladığı sığorta müqavilələrinin qiymətləndirilməsinə başlanılıb. Bunu açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) şirkətə təyin etdiyi müvəqqəti inzibatçı Firdovsi Qasımov deyib.

Onun sözlərinə görə, "Alfa Sığorta"nın satılacaq elə bir əmlakı olmadığı üçün Şirkətin öhdəlikləri ona borclu olan qurumların ödənişləri hesabına həyata keçiriləcək: "Sığortaçının kreditorları ilə yanaşı debitorları da var. Hazırda onlardan "Alfa Sığorta"ya çatası məbləğlər müəyyən edilir. Bu ödənişlər həyata keçirildikdən sonra Şirkət müştərilər qarşısında öhdəliklərini yerinə yetirəcək. Hələ ki, sığorta hadisəsi baş vermiş heç kimə ödəniş verilməyib. Sadəcə hadisələr aktlaşdırılır, borc kimi qəbul olunur və müştərilər növbəyə salınır. Qanunverciliyə uyğun olaraq, pul olan kimi ilk növbədə icbari, sonra isə könüllü sığorta növləri üzrə ödəniş ediləcək".

Ən sərfəli kredit üçün müraciət et

F.Qasımov "Alfa Sılğorta"nın portfelinin tam və yaxud qismən başqa sığorta şirkətinə ötürülə biləcəyini də istisna etməyib: "Bu variant da nəzərdən keçirilir. Amma təbii ki, portfeli elə-belə ötürmək olmaz. Bunun üçün hansısa sığorta şirkətinə pul ödənilməlidir. Yəqin ki, yaxın 1 ay ərzində bu məsələlər tam aydınlaşacaq".

Xatırladaq ki, MBNP "Alfa Sığorta"nın lisenziyasını avqustun 26-da ləğv edib. Buna səbəb onun 100% səhmdarı olan "Texnikabank" ASC-nin lisenziyasının ləğv olunmasıdır. Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu kredit təşkilatının öhdəliklərini yerinə yetirmək üçün "Alfa Sığorta"nı satmağa qərar versə də, onu almaq istəyən olmayıb. Buna görə də, sığorta şirkətinin lisenziyasının ləğv edilməsinə qərar verilib.

Mənbə : report.az