Rəşad Orucov: “Bank sektorunda aktivlərin 99%-ni formalaşdıran banklar məcmu kapitala olan tələbə cavab verir”
Son iki il yarımda Azərbaycanın bank sektorunun kredit-investisiya potensialı ikiqat artıb”. - MDB-nin Maliyyə-bank Şurası, Azərbaycan Beynəlxalq Bankı (ABB) və MDB-nin İcraiyyə Komitəsinin dəstəyi ilə bu gün Bakıda keçirilən MDB ölkələrinin VII Bakı Beynəlxalq Bank Konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov deyib.
R. Orucovun sözlərinə görə, 2012-ci ilin iyul ayında ölkədəki bankların minimum kapitalına tələbin artırılması qərarından sonra bank sektorunun kredit-investisiya potensialı 2 dəfədən çox artıb: “Bankların minimum kapitalının 5 dəfəyədək - 10 milyon manatdan 50 milyon manatadək artırılması tələbi təkcə kapitalın miqdar baxımından artması ilə yanaşı, sektorun keyfiyyətcə yeni səviyyəyə çıxmasını təmin etdi. Kapitalın artırılması isə banklara təqdim olunan xidmətlərin keyfiyyətinin yaxşılaşmasına və bazarda rəqabətin artmasına gətirib çıxartdı. Kapitalın artırılması ilə yanaşı, Mərkəzi Bank banklarda korporativ idarəetmə və risk-menecmentlə bağlı da tələbini sərtləşdirdi”.
Baş direktor əlavə edib ki, hazırda bank sektorunda aktivlərin 99%-ni formalaşdıran banklar AMB-nin məcmu kapitala olan tələbinə cavab verir.
AMB rəsmisinin sözlərinə görə, bu ilin əvvəlindən bank sektorunda aktivlər 14%, kredit qoyuluşu 15%, əmanətlər 9 % artıb, kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi 5,6% təşkil edib.