Müəllif:Mehin Qasımova,Banco.az
Süni intellekt texnologiyalarının sürətlə yayılması və elektrik enerjisinə artan tələbat dünya üzrə nüvə enerjisinə investisiyaları sürətləndirib. Hazırda tikilməkdə olan nüvə reaktorlarının sayı 1986-cı ildən bəri ən yüksək səviyyəyə çatıb.
Banco.az xəbər verir ki, Dünya Nüvə Assosiasiyasının məlumatına görə, oktyabrın 16-na olan vəziyyətə əsasən, dünyada 79 nüvə reaktorunun tikintisi davam edir. Hazırda 443 reaktor fəaliyyət göstərir.
Məlumata əsasən, 2026-cı ildə 11 yeni reaktorun tikintisinə başlanılması planlaşdırılır. Növbəti 15 il ərzində isə 122 reaktorun istifadəyə verilməsi nəzərdə tutulur.
Nüvə enerjisinə marağın artmasının əsas səbəblərindən biri süni intellekt sistemlərinin işlədiyi məlumat mərkəzlərinin yüksək elektrik istehlakıdır. Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, məlumat mərkəzlərinin illik elektrik istehlakı 2025-ci ildəki 485 teravatt-saatdan 2030-cu ildə 950 teravatt-saata yüksələ bilər.
Tikintisi davam edən reaktorların sayına görə Çin 38 layihə ilə dünyada ilk sıradadır. Hindistanda 8, Rusiyada 7, Cənubi Koreya və Türkiyədə isə 4 reaktor inşa edilir.
Bununla yanaşı, ABŞ, Fransa, İsveç və Belçika kimi ölkələr də nüvə enerjisi sahəsində yeni investisiya imkanlarını nəzərdən keçirirlər.
Qeyd edək ki, nüvə enerjisinə marağın artmasına baxmayaraq, yüksək tikinti xərcləri, maliyyələşdirmə çətinlikləri, təhlükəsizlik tələbləri və layihələrdə mümkün gecikmələr sektorun əsas problemləri olaraq qalır.
