Müəllif - Eldar Kərimov/Banco.az
ABŞ şirkətləri son illərin ən yüksək kredit gecikmə göstəricilərini nümayiş etdirirlər. Bu, yüksək faiz dərəcələrinin qorunub saxlanması ilə bağlıdır.
ABŞ Federal Ehtiyat Sistemi (FED) dəfələrlə faiz dərəcələrini azaltmağa tələsməyəcəyini bəyan edib. Bu isə vəziyyəti daha da pisləşdirə bilər. Digər borc növlərindən fərqli olaraq, korporativ bank kreditləri adətən dəyişkən faiz dərəcəsinə malikdir, yəni o, baza faiz dərəcəsi ilə birlikdə dəyişir.
2024-cü ilin sonunda ABŞ-da korporativ borcalanların banklara ödəmələrdə azı bir ay gecikdirdiyi məbləğ $28 milyard dolları ötüb. Bu göstərici son üç ayda $2,2 milyard, bir il ərzində isə $5,4 milyard artıb. BankRegData-nın hesablamalarına görə, bu rəqəmlər birbaşa kreditorlar və özəl kredit fondlarından alınan borcları əhatə etmir.
Ümumi gecikmə səviyyəsi (ABŞ banklarının həm yerli, həm də xarici şirkətlərə verdiyi bütün kreditlər üzrə) 2024-cü ilin sonuna 1,3%-ə çatıb. Bu, 2017-ci ilin birinci rübündən bəri ən yüksək göstəricidir.
İqtisadçılar gözləyirdilər ki, inflyasiyanın yavaşlaması və FED-in faiz dərəcələrini azaltmağa başlaması ilə kredit bazarı rahatlaşacaq. Lakin bu baş vermədi. Yanvarda ABŞ-da istehlak qiymətləri 3% artıb ki, bunun əsas səbəblərindən biri ərzaq qiymətlərinin kəskin bahalaşmasıdır.
Yeni gömrük tarifləri inflyasiyanı artıracaq
İqtisadçılar hesab edirlər ki, ABŞ prezidenti Donald Trampın elan etdiyi yeni idxal tarifləri inflyasiyanı yenidən yüksəldə bilər və FED-in faiz dərəcələrini azaltmasını gecikdirəcək.
Moody’s-in tədqiqat və analitika şöbəsinin rəhbəri David Hamilton bildirir ki, orta ölçülü şirkətlər yüksək faiz mühitində daha uzun müddət işləməyə məcbur qalacaqlar.
"Böyük şirkətlər hələlik rahatdır, amma iqtisadiyyat kiçik və orta sahibkarlara yetərincə kömək etmir. Tariflər uzun müddət qüvvədə qalsa, kiçik və orta biznes üçün böyük iqtisadi itkilərə səbəb olacaq", – deyə Hamilton vurğulayıb.