Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da 30 illik ipoteka üçün orta faiz dərəcəsi ötən həftə 6,92 faizə çatıb ki, bu da fevral ayından bəri ən yüksək səviyyədir.
Banco.az xəbər verir ki, İpoteka Bankları Assosiasiyası (MBA) tərəfindən 16 mayda başa çatan həftəyə dair açıqlanan ipoteka göstəricilərinə əsasən, keçən həftə ipoteka müraciətləri əvvəlki həftəyə nisbətən 5,1 faiz azalıb.
Bu dövrdə həm mənzil alışı üçün edilən müraciətlər, həm də yenidən maliyyələşdirmə müraciətləri 5 faiz azalıb.
Ölkədə 30 illik ipoteka kreditləri üzrə orta faiz dərəcəsi ötən həftə 6,86 faizdən 6,92 faizə yüksəlib.
Eyni dövrdə 15 illik ipoteka kreditləri üzrə orta faiz dərəcəsi isə 6,12 faizdən 6,21 faizə qalxıb.
MBA-nın Baş vitse-prezidenti Mayk Fratantoni bildirib ki, investorlar artan inflyasiya, büdcə kəsiri və borclanmanın yaratdığı narahatlıqlar səbəbindən 30 illik ipoteka faizlərinin fevral ayından bu yana ən yüksək səviyyəyə çatdığını müşahidə edirlər.
Fratantoni yüksək ipoteka faizlərinin sektorun yavaşlamasına səbəb olduğunu qeyd edərək, mənzil alışı üçün müraciətlərin illik müqayisədə 13 faiz artdığını da vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!