23 yaşlı manatın sərgüzəştləri | Banco.az

23 yaşlı manatın sərgüzəştləri

Bu il Müstəqil Azərbaycanın milli valyutası- manat 23 yaşını qeyd edir. Bununla bağlı, iqtisadçı ekspert Samir Əliyev öz facebook səhifəsində bəzi faktları paylaşıb.

1 qəpikdə mədəniyyətimizi, 3 qəpikdə yazı və ədəbiyyatımızı, 5 qəpikdə tariximizi, 10 qəpikdə Qarabağı, 20 qəpikdə təhsil və gələcəyimizi, 50 qəpikdə iqtisadiyyat və inkişafımızı görə bilərik.

Dövriyyədə olan 50 qəpikləri bir yerə toplasan 296 ton, 20 qəpiklər isə 550 ton olar.

Kağız manatlarının hamısının eni bərabərdir - 70 mm-dir. Ancaq nominal artdıqca uzunluğu da artır. Ən aşağı nominallı pulun (1 AZN) uzunluğu 120 mm, ən yüksəyinki (100 AZN) isə 155 mm-dir.

2014-cü ilin dekabrın 31-də dövriyyədəki bütün manat pulları yığmaq mümkün olsaydı, 56 milyon ədəd "1 manat", 21,1 milyon ədəd "5 manat", 13,3 milyon ədəd "10 manat", 23 milyon ədəd "20 manat", 54.6 milyon ədəd "50 manat", 73.1 milyon ədəd "100 manat" olardı.

Dollar rəsmi olaraq heç zaman 1 manat olmayıb. Devalvasiyadan əvvəl ən yüksək hədd 27 fevral 2004-cü ildə qeydə alınıb. Həmin tarixdə 1 dolların rəsmi məzənnəsi 98,78 qəpik (4939 manat) olub. Devalvasiyadan sonra isə aprelin 13-də dollar hətta 1,0537 manata qədər bahalaşa bilib.

Ən sərfəli kredit üçün müraciət et

22 may 1994-cü ildə manatın dollara olan rəsmi məzənnəsi 186,9 olub. Növbəti gün, yəni ayın 23-də Mərkəzi Bank dolları birdən-birə 1100-ə qaldırıb. Yəni 489%-lik devalvasiya.

Bu günlərdə mətbuatda Brüsseldə 2 avro əvəzinə 50 qəpiklik sikkədən istifadə barədə məlumat gedib. Necə olub ki, aparat onları ayırd edə bilməyib? Bu qədərmi eynilik var? Axı, 50 qəpik 2 avrodan ən azı 4 dəfə ucuzdur.
Hər iki sikkənin parametrlərini diqqətinizə çatdırırıq. Oxşarlığı özünüz görəcəksiniz 
Diametr: 50 qəpikdə 25,5 mm, 2 avroda 25,75 mm
Çəki: 50 qəpikdə 7,7 qram, 2 avroda 8,5 qram
Hər iki sikkənin tərkibi latun və nikeldən ibarətdir. 
Hər iki sikkənin üzü qızılı və gümüşü rənglə örtülüb.

Ən sərfəli krediti almaq üçün müraciət et