2025-ci ilin dövlət büdcəsindən gözləntilər: “Qeyri-neft sektorunun iqtisadi artıma təsiri əhəmiyyətlidir” | Banco.az

2025-ci ilin dövlət büdcəsindən gözləntilər: “Qeyri-neft sektorunun iqtisadi artıma təsiri əhəmiyyətlidir”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

İl sonuna yaxın müzakirə doğuran əsas məsələlərdən biri, növbəti il üçün dövlət büdcəsi ilə bağlıdır.

Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində gömrük rüsumlarından daxilolmaların 1 milyard 810 milyon manat olması proqnozlaşdırılır. Cari ilin statistikasına baxdıqda isə, büdcə gəlirləri ilk aylarda 27 milyard 737 milyon manat, xərclər isə 25 milyard 174 milyon manat təşkil edib. Bunun nəticəsində 2 milyard 562 milyon manat məbləğində dövlət büdcəsi qalığı yaranıb. Bu, 2024-cü il üçün gömrük rüsumları üzrə proqnozlaşdırılan daxilolmalardan 3% və ya 53 milyon manat daha çoxdur. 2024-cü il üçün gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 757 milyon manat səviyyəsində müəyyən edilib.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Banco.az bildirib ki, 2024-cü ilin təsdiq olunmuş büdcəsi 36 milyard manat olsa da, bu göstərici növbəti il üçün 1,7 milyard manat artırılıb:

“Burada diqqət çəkən əsas məqam Neft Fondundan dövlət büdcəsinə köçürmələrin əhəmiyyətli dərəcədə artmasıdır. Əgər 2024-cü il üçün 12,5 milyard dollar büdcəyə transfer gözlənilirdisə, növbəti il bu rəqəm 14,5 milyard dollara çatacaq. Bu da təxminən 2 milyard manat əlavə vəsait deməkdir. Büdcə gəlirlərinin bu istiqamətlərdə artacağı gözlənilir. Büdcə xərclərinə gəldikdə isə müdafiə və milli təhlükəsizlik sahələrinə ayrılan vəsait 8,4 milyard manatdır. Bir ay öncə bu rəqəm 6,7 milyard manat idi. Müdafiə xərclərinə əlavə 1 milyard dolların ayrılması əsasən ermənilərin artan silahlanması ilə əlaqələndirilir. Büdcə xərclərinin 63%-i cari xərclər, 6%-i dövlət borcları, qalanı isə iqtisadi xərclərdən ibarətdir."

Ən sərfəli kredit üçün müraciət et

Xalid Kərimli qeyd edib ki, 2025-ci il üçün müəyyən prioritetlər büdcəyə təsir göstərəcək:

"Azərbaycan qarşıdakı 3 il ərzində konkret prioritetlər müəyyənləşdirib. Bu, Azərbaycanın 2030-cu il Sosial-İqtisadi İnkişaf prioritetləri çərçivəsindədir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, regional və qlobal geosiyasi vəziyyət, eləcə də müdafiə qabiliyyətinin artırılması kimi məsələlər büdcə gəlir və xərclərinə ciddi təsir göstərəcək. Eyni zamanda, neft və qeyri-neft sektorlarının büdcə gəlirlərinə təsiri də vacibdir və onların iqtisadi artımla əlaqələndirilməsi böyük əhəmiyyət kəsb edir."

Ən sərfəli krediti almaq üçün müraciət et